...

“ASAN Viza” portalı yanvarın 10-dan tam istifadəyə veriləcək (FOTO)

İqtisadiyyat Materials 16 Dekabr 2016 16:24 (UTC +04:00)
“ASAN Viza” portalının təqdimat mərasimi keçirilib.
“ASAN Viza” portalı yanvarın 10-dan tam istifadəyə veriləcək (FOTO)

Bakı. Trend:

“ASAN Viza” portalının təqdimat mərasimi keçirilib.

Azərbaycanın bir sıra dövlət qurumlarının rəsmiləri, Bakıda yerləşən diplomatik korpus nümayəndələri, ölkənin böyük turizm şirkətlərinin rəhbərləri, ekspertlər, yerli və beynəlxalq media təmsilçilərinin iştirak etdiyi tədbiri Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov giriş sözü ilə açıb.

Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sədr bildirib ki, hazırda test rejimində fəaliyyət göstərən “ASAN Viza” portalı yanvar ayının 10-dan etibarən tam istifadəyə veriləcək.

İ.Kərimov eyni zamanda qeyd edib ki, elektron viza almaq üçün portal üzərindən müraciət edən şəxs ödəniş etdikdən sonra vizası 3 iş günü müddətində həmin şəxsin elektron poçt ünvanına göndəriləcək.

Dövlət Agentliyinin sədri eyni zamanda göstərdikləri dəstəyə görə aidiyyəti qurumlara və şirkətlərə minnətdarlığını vurğulayıb.

Daha sonra çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, turizm infrastrukturunun inkişafı və viza sisteminin sadələşdirilməsi ilə bağlı son illərdə bir çox işlər görülüb.

Nazir müavini qeyd edib ki, yaradılan “ASAN Viza” portalı Azərbaycana gələn turistlərin sayının artmasında müstəsna rol oynayacaq.

Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov “ASAN Viza” portalı haqqında geniş təqdimatla çıxış edib.

Tədbir daha sonra interaktiv sual-cavab hissəsi ilə davam etdirilib.

Qeyd edək ki, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanına uyğun olaraq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “ASAN Viza” sisteminin yaradılması təmin edilib.

Portalın yaradılmasında məqsəd Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti