...

Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissə yenidən qurulur (VİDEO/FOTO)

İqtisadiyyat Materials 23 Fevral 2017 13:27 (UTC +04:00)

Bakı. Trend:

Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir. Kompleks tədbirlər Yusif Səfərov küçəsi və ətraf ərazilərdə aparılır.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Tədbirlər çərçivəsində yeni yolların salınması, mövcudların yenidən qurulması və genişləndirilməsi işləri görülür. Sözügedən ərazilərdə aparılan işlərin əsas məqsədi istər şəhərin mərkəzindən Heydər Əliyev və Babək prospektlərinə doğru çıxışda, istərsə prospektlərdən şəhər mərkəzinə doğru girişdə Yusif Səfərov küçəsinə düşən nəqliyyat yükünü azaltmaqla avtomobillərin rahat və maneəsiz hərəkətini təşkil etməkdir.

Sadalanan istiqamətdə işlərə ilkin olaraq Yusif Səfərov küçəsindən başlanılıb. Küçə bir-neçə hərəkət zolağı enində genişləndirilir. Bu məqsədlə küçənin 28 may küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yol ayrıcında söküntü və tikinti işləri aparılır. Həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi nəzərdə tutulub. Genişləndimə işlərinin küçə boyu davam etdirilməsi nəzərdə tutulub. Belə ki, mövcud yol ayrıcının eninin azaldılması ilə hər bir istiqamət üzrə daha 1 hərəkət zolağı yaradılacaq. Bununla da küçənin Heydər Əliyev prospektinə qədər olan hissəsi 5 hərəkət zolağından 6, bəzi hissələrdə 7 hərəkət zolağına qədər genişləndiriləcək.

Aparılan yenidənqurma işləri çərçivəsində piyadaların da rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində də addımlar atılacaq. Küçənin Kamandar Əhmədov küçəsi ilə kəsişməsinin yaxınlığında vətəndaşların avtomobil yolunu daha təhlükəsiz şəkildə keçməsi üçün piyada keçidinin inşası planlaşdırılır. Bundan başqa, avtonəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə ordan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkətini təmin etmək üçün Yusif Səfərov küçəsinə paralel 1.1 km uzunluğunda yeni yol salınır.

Hazırda yol boyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, buna paralel olaraq yararsız qruntun qazılaraq çıxarılması və karbonat materialı tökülərək yenidən kipləşdirilməsi, bununla da yeni yol yatağının inşası işləri həyata keçirilir. Yolun ümumi eni 12 metr olmaqla 2 hərəkət zolaqlıdır. Bura 9 metr enində hərəkət hissəsi və yol boyu piyadaların təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 1.5 metr enində səkilər daxildir.

Daha bir yeni yol hissəsi Sergey Senyuşkin küçəsinin davamı olaraq salınır. Uzunluğu 265 metr, hərəkət hissəsinin eni 10 metr olacaq yol inşa olunandan sonra Xocalı prospektindən avtonəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olmadan Sergey Senyuşkin küçəsindən birbaşa Heydər Əliyev və Babək prospetlərinə doğru rahat çıxışı təmin olunacaq. Sergey Senyuşkin küçəsinin hazırda mövcud 365 metr uzunluğunda olan hissəsi tam olaraq təmir olunub. Təmir işləri zamanı küçəyə yeni asfalt-beton örtük döşənib, mövcud səkilər bərpa olunub və yenilərinin tikintisi istiqamətində işlər aparılıb. Bundan öncə isə Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yolun inşası yüksək keyfiyyətlə aparılaraq başa çatdırılıb. Uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir. 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib. Yeni yolun kənarı ilə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə eni 2-3 metr olan piyada səkiləri də inşa olunub. Bununla da Yusif Səfərov küçəsindən Fəzail Bayramov küçəsinə hərəkət məsafəsi xeyli qısaldılaraq rahatlaşdırılıb.

Yusif Səfərov küçəsinin yenidən qurulması, bundan başqa hər iki istiqaməti üzrə paralel yolların çəkilişi sözügedən ərazidə sıxlığın azalmasına, şəhər mərkəzinə doğru və əksinə bu istiqamətdən giriş-çıxışının rahatlaşmasına gətirib çıxaracaq. Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlıq qüvvə və texnika cəlb olunub. Yenidənqurma işlərinin qısa müddət ərzində və ümumi hərəkətə maksimum dərəcədə mane olmamaq şərti ilə aparılaraq yekunlaşdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti