Bakı. Azad Həsənli - Trend:
Azərbaycan və Monteneqro diqqətini və səylərini 8 sahə üzrə əməkdaşlıqda mərkəzləşdirməlidir. Bunu Trend-ə özəl olaraq Monteneqronun baş naziri Duşko Markoviç deyib. Baş nazirin sözlərinə görə, bu sahələr sənaye, turizm, energetika, kənd təsərrüfatı, nəqliyyat, tikinti, elm və texnologiya sahələridir.
D.Markoviç qeyd edib ki, Azərbaycan və Monteneqro arasında ikitərəfli sazişlər vasitəsilə hazırki ticari və iqtisadi münasibətləri genişləndirmək üçün böyük potensial var.
Baş nazir statistik göstəriciləri də qeyd edib: "2016-cı ildə Azərbaycandan Monteneqroya birbaşa investisiyaların həcmi 47,15 milyon avro təşkil edib ki, bu da ölkəyə ümumi yatırılan investisiyaların 6,9 faizini təşkil edir".
Baş nazir qarşıdan gələn illərdə bu istiqamətdə müsbət trend gözlədiklərini əlavə edib.
D.Markoviç Azərbaycan şirkətlərinin yol infrastrukturunun tikintisinə maraq göstərdiklərini də vurğulayıb. Baş nazir bununla yanaşı, Monteneqronun Albaniyadan Monteneqroya istiqamətində davam etdiriləcəyi düşünülən TAP layihəsində çox maraqlı olduğunu da xüsusi qeyd edib.