Bakı. Trend:
Sentyabrın 18-də “Bank Ombudsmanı”(BO) ilə “Yapı Kredi Bank” QSC arasında əməkdaşlıq haqqında görüş keçirilib.
Azərbaycan Banklar Assosiasiyasından Trend-ə verilən məlumata görə, görüşdə “Yapı Kredi Bank”ın İdarə Heyətinin üzvü Şəhla Səmədova, Hüquq Departamentinin direktoru Teymuraz Əmirov, Uyğunluq və Daxili Nəzarət şöbəsinin müdiri Ramil Məmmədov, eləcə də Bank Ombudsmanı İkram Kərimov, Ombudsmanın Məsul katibi Elçin Həsənov və ABA-nın “Hüquqi Məsələlər” üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev iştirak ediblər.
Görüş zamanı Ombudsmanın Əsasnaməsi və reqlamenti ilə bağlı bəzi təkliflər, Bank Ombudsmanının hansı işlərə baxması, Bank Ombudsmanının verdiyi qərarların tərəflər üçün hansı hüquqi nəticə yaradacağı, eyni zamanda Bank Ombudsmanı ilə “Yapı Kredi Bank” arasında olacaq əməkdaşlığın detalları müzakirə olunub.
Qeyd edək ki, Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 3 aprel 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və reqlamenti təsdiq olunub. Hazırda Bank Ombudsmanı 23 bank üzrə daxil olan məsələlərə baxır. Həmçinin, digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamənin imzalanması üzərində danışıqlar aparılır.