...

Azərbaycanla Aİ arasında aviasiya sazişi bu il imzalana bilər

İqtisadiyyat Materials 21 Sentyabr 2017 13:08 (UTC +04:00)
Hazırda Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə sənədin hansı mərhələdə olduğunu demək çox çətindir.
Azərbaycanla Aİ arasında aviasiya sazişi bu il imzalana bilər

Bakı. Elçin Mehdiyev – Trend:

Hazırda Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə sənədin hansı mərhələdə olduğunu demək çox çətindir.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev jurnalistlərə deyib.

Nazir müavini bildirib ki, sənədin ilk növbədə keyfiyyəti çox vacibdir: "Biz tələsmirik. Hər iki tərəfin mövqeyi var. Onları uzlaşdırmaq lazımdır. Bu bir hüquqi sənəddir. Gec olsun, amma keyfiyyətli olsun. Sənəd çərçivəsində siyasi məsələlər də müzakirə olunur”.

Nazir müavini qeyd edib ki, sənəddə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı öz əksini tapıb: “Bu ilin sonuna kimi bu saziş imzalana bilməyəcək. Bu yalnız o halda baş verə bilər ki, biz onların dediyi hər şeyi qəbul edək. Amma bu, düzgün olmaz”.

O, noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə hazırlıqdan da danışıb: "Sammitdə 2 ildə hansı işlərin görüldüyü müzakirə ediləcək. Bizim də deməyə sözümüz olacaq. Çünki bir neçə ildə yaxşı nailiyyətlər əldə etmişik. İlk növbədə çalışacağıq ki, bu sammit çərçivəsində Riqa Sammiti təkrar olunmasın. Həmin sammitdə 3 münaqişə ilə bağlı bir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair başqa mövqe var idi. Aİ-nin hazırda yeni qlobal strategiyası var. Orada aydın göstərilir ki, bütün tərərfdaş ölkələrin ərazi bütövlüyü, təhlükəsizliyi dəstəklənməlidir. Bununla yanaşı, enerji və nəqliyyat sahəsində irəliləyişlər var".

M.Məmmədquliyev bildirib ki, sammit çərçivəsində aviasiya sazişinin da imzalanması mümkündür: "Ola bilsin ki, müvafiq qurumumuz olan Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası Aİ ilə sazişi bitirə bilsin. Amma vaxt azdır. Bu istiqamətdə oktyabrın axırı görüş olmalıdır. Ondan sonra biləcəyik ki, bu sənədi sammitdə imzalaya biləcəyik, ya yox".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti