Bakı. Trend:
Yaponiyanın Tokio şəhərində keçirilən "JATA 2017" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi iştirak edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, 21-24 sentyabr tarixlərində keçirilən beynəlxalq sərgi çərçivəsində Azərbaycanın iştirakı GUAM-a üzv dövlətlərlə birlikdə xüsusi statusda həyata keçirilib. 36 kv.m. sahəsi olan stenddə Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna və Moldovanın turizm imkanları birgə əks olunub.
Sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun baş məsləhətçisi Türkan İsmayılova və “AGTravel” turizm şirkətinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
Sərginin açılışı zamanı Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə Azərbaycan milli stendini ziyarət edib. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis və yapon dillərində Azərbaycanın mədəniyyəti, tarixi, təbiəti, turizmi, mədəni irsi haqqında reklam-çap məhsulları təqdim olunur.
Həmçinin, sərgi çərçivəsində Yaponiyanın turizm sənayesinin nümayəndələri üçün Azərbaycan turizm potensialına dair təqdimat da keçirilib.