...

Səfir: Pakistan əyalətləri ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün iş adamlarının geniş imkanları var (FOTO)

İqtisadiyyat Materials 16 Noyabr 2017 11:57 (UTC +04:00)
Pakistanın əyalətləri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün iş adamlarının geniş imkanları var.
Səfir: Pakistan əyalətləri ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün iş adamlarının geniş imkanları var (FOTO)

Bakı. Trend:

Pakistanın əyalətləri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün iş adamlarının geniş imkanları var.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə Pakistanın Sind əyalətinə səfəri zamanı Karaçi şəhərində bu əyalətin baş naziri Seyid Murad Əli Şah ilə görüşdə deyib.

Diplomat Azərbaycanla Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin eyni zamanda, hər iki ölkənin əyalətlərinə də sirayət etdiyini və bu əlaqələrin inkişafının zəruri olduğunu bildirib. Hər iki ölkənin bir-birinə göstərdiyi dəstəyin önəmini vurğulayan Ə.Əlizadə 2011-ci ildə Pakistanda, o cümlədən Sind Əyalətində baş vermiş sel daşqınları zamanı da Azərbaycanın Pakistanın yanında olduğunu və öz qardaşlıq köməyini göstərdiyini bildirib. Pakistanın müxtəlif əyalətlərində həyata keçirilən humanitar sosial yönümlü layihələr haqqında məlumat verən səfir bu cür layihələrin xalqlar arasında dostluq və qardaşlıq tellərini daha da möhkəmləndirdiyini qeyd edib.

Cari ilin 9-12 noyabr tarixlərində Karaçidə keçirilmiş iqtisadi-ticari sərgidə azərbaycanlı iş adamlarının da iştirak etdiyini bildirən Ə.Əlizadə Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, güzəştlər haqqında məlumat verib, Pakistanın Sind əyaləti ilə də iqtisadi-ticari əlaqələrin genişləndirilməsində iş adamlarının geniş imkanlarının olduğunu qeyd edib.

Sind Əyalətinin baş naziri Seyid Murad Əli Şah Azərbaycan-Pakistan əlaqələrinin inkişafının sevindirici olduğunu bildirərək, Sind Əyalətinin də Azərbaycanla əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb, əlaqələrin inkişafı üçün əyalətin imkanları haqqında məlumat verərək azərbaycanlı iş adamlarını əyalətdə həyata keçirilən iqtisadi-ticari, xüsusən alternativ enerji layihələrində iştirak etməyə dəvət edib.

Səfir Ə.Əlizadə Sind əyalətinə səfəri zamanı həmçinin, Karaçi şəhərinin meri Vasim Axtar, Türkiyə Respublikasının Karaçi şəhərindəki baş konsulu Murat Mustafa Onart, Pakistan Herald Publications Limited Şirkətinin və "Dawn Qəzətlər Qrupu"nun rəhbəri Həmid Harunla da bir sıra görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti