...

Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək - İyulda

İqtisadiyyat Materials 18 Aprel 2018 12:24 (UTC +04:00)
İqtisadiyyat naziri, Azərbaycan Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Filip Ştalderi qəbul edib.
Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək - İyulda

Bakı. Trend:

İqtisadiyyat naziri, Azərbaycan Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalderi qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf etdiyini, Azərbaycan Prezidentinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycanın dövlət başçısı hər il İsveçrədə keçirilən Davos forumunda və digər mühüm tədbirlərdə iştirak edir.

Azərbaycan Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasları və biznes forumlar keçirilir və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilir. Hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Azərbaycandan İsveçrəyə 1,2 mlrd. ABŞ dolları investisiya yatırılıb. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 240 mln. dollar təşkil edib ki, bu da 40%-dən çox artım deməkdir. İsveçrənin SECO təşkilatı ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr reallaşdırılır.

Bildirilib ki, İsveçrənin İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin rəhbəri, nazir Yohan Şnayder-Ammanın 2018-ci ilin iyulunda Azərbaycana nəzərdə tutulan səfəri zamanı da biznes forumun keçirilməsi, səfər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı ilə tanışlıq məqsədilə həmin sənaye parklarında təqdimatların təşkili nəzərdə tutulur. Nəqliyyat sahəsində əməkdaşlıq imkanlarına toxunan nazir Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit imkanlarının Çində təqdim edildiyini, Ələt Limanının tikintisinin başa çatmaq üzrə olduğunu və isveçrə iş adamlarının limana səfərinin təşkilinin əhəmiyyətli olacağını vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdıran nazir Şahin Mustafayev bəzi İsveçrə şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərməsinin yolverilməz olduğunu səfirin diqqətinə çatdırıb.
İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder ölkəsinin Bakı-Tbilisi-Qars dəmir yoluna, “Bir yol, bir kəmər” layihəsinə maraq göstərdiyini bildirib, əməkdaşlıq imkanlarına, eləcə də nazir Yohan Şnayder-Ammanın ölkəmizə nəzərdə tutulan səfərinə və təşkil ediləcək biznes foruma dair fikirlərini bölüşüb.

Səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayan Filip Ştalder səfər zamanı Sumqayıt Kimya Sənaye Parkında inşa olunan və İsveçrə investisiyalı tikinti qatqılarının istehsalı zavodunun açılışını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti