Bakı. Vüqar İmanov - Trend:
Həmsöhbətimiz İlkin Fərəcov dünyanın əsas İnformasiya Texnologiyaları şirkətlərinin təmərküzləşdiyi ABŞ-ın San-Fransisko şəhərində yaşayır. Gənc həmyerlimiz San-Fransiskonun məşhur “Silikon vadisində” fəaliyyət göstərən “Go Nimbly” adlı şirkətdə çalışır. Bu şirkət bazarda geniş marketinq araşdırması edərək digər iri şirkətlərə əldə etdikləri gəlirlərdən daha uğurlu istifadə haqqında məsləhətlər verir. “Go Nimbly” şirkətinin 83 milyon dollardan çox illik dövriyyəsi var. Təxminən 2 ay əvvəl İlkin işlədiyi bu şirkətin tarixində ən uğurlu və ən gəlirli sövdələşməni həyata keçirən işçi olub.
- İlkin, özünüzü oxucularımıza təqdim etməyinizi xahiş edirik? Necə oldu ki, siz okeanın o tayına getdiniz?
- Mən Bakı şəhərindəki Bakı Özəl Türk Liseyini bitirdikdən sonra ali təhsil almaq üçün ABŞ-ı seçdim. Seçimim ABŞ San-Fransisko şəhərindəki Kaliforniya Dövlət Universiteti oldu. Ailəmin maddi və mənəvi dəstəyi ilə mən bu uzun səfərə yollandım. Bu universitetdə ali təhsilimi aldıqdan sonra iş həyatımı da məhz burada qurmaq qərarına gəldim.
- Bildiyimiz qədər siz bu şirkətdə fərqlənən işçilərdən biri olmusunuz. Bu uğurunuzun sirri nədir?
- Bəli. Bu yaxınlarda şirkət tarixindəki ən məhsuldar satış təmsilçisi seçildim və bu haqda məqalə də dərc olundu. Hətta bir neçə gün əvvəl şirkət rəhbərliyi tərəfindən şirkətin satış departamentinin icraçısı (Account Executive)təyin olundum. Hər sənətdə olduğu kimi bu peşənin də çoxlu çətinlikləri var. Bu çətinlikləri həll etmək üçün güclü iradə, mətanət və şirkətdəki dəyişikliklərə dərhal adaptasiya etmək qabiliyyəti tələb olunur . Ən əsası uyğunlaşma fasiləsiz və davamlı olaraq olmalıdır. Əks halda sizin bacarıqlarınız və ya biliyiniz bir anda heç kəsə lazım olmaya bilər.
- Gənc vaxtında uğur qazanmış bir azərbaycanlı kimi fərqlənməyi arzulayan digər Azərbaycan gənclərinə nə məsləhət görərdiniz? Xüsusilə ABŞ-da işləmək üçün hansı səviyyədə təhsil almaq tələb olunur?
- ABŞ-da işləmək üçün ilk növbədə mütləq xaricdə təhsil almaq lazımdır. Amma bəzən bu da kifayət etmir. Siz daim öz üzərinizdə çalışmalı, biliyinizi artırmalı, dünya görüşünüzü genişləndirməli, dünyada var olan müasir trendləri yaxşı bilməlisiniz. Qısaca öz dəyərinizə daha çox dəyər qatmalısınız. Bunu adi bir idman növü kimi də qəbul edə bilərik. Nə qədər talantlı olsa belə öz üzərində işləməyən idmançı məğlub olmağa məhkumdur.
- Bəs sizə Amerikada yaşamaq çətin deyil ki? Həyat şərtlərindən razısınız?
- Burada işləyib və yaşamağın maraqlı və gözəl tərəfləri qədər əlbəttə ki, çətinlikləri də var. Amma bu çətinliklərin həlli də məhz bizim özümüzdən asılıdır. Nə qədər çox səy göstərsəm, problemlər də bir o qədər azalacaq. ABŞ-da işləyərkən ən vacib olan cəhət işçinin iş etikasına sahib olmasıdır. İşini bilən və etik cəhətdən bilikli işçi mütləq uğur qazanacaq. Bununla yanaşı gündəlik proseslərə də kökləndikdə nəticə özü-özlüyündən gələcək.
- İlkin sirr deyilsə, gələcək planlarınızı öyrənmək olarmı?
- Mən hələ təcrübə yığıram. Çalışıram ki, fəaliyyət göstərdiyim sahənin bütün incəliklərinə bələd olum. Əlbəttə gələcək planlarım da var. Onlar arasında ən əsası əldə etdiyimi təcrübəni gənclərlə paylaşa biləcəyim bir qurum yaratmaqdır. Əminəm ki, mən həmin gənclərə öz biliyimi, onlara işləmək əzmini və həvəsini aşılaya bilərəm.