...

Silikon Vadisinin eksperti startapçılar və tələbələrlə görüşüb (FOTO)

İqtisadiyyat Materials 27 İyun 2018 16:03 (UTC +04:00)
Azərbaycan Texniki Universitetində “İdeyadan biznesə” layihəsi çərçivəsində seminar keçirilib.
Silikon Vadisinin eksperti startapçılar və tələbələrlə görüşüb (FOTO)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) və “Social Innovation Lab” İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “İdeyadan biznesə” layihəsi çərçivəsində seminar keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Kaliforniya Silikon Vadisinin və Berkli Universitetinin təmsilçisi Rik Rasmussen tərəfindən keçirilən seminar “Lokal qalaraq qlobal əhəmiyyəti necə əldə etməli?” mövzusuna həsr olunub.

Seminarda qonaqları salamlayan AzTU-nun prorektoru, professor Sübhan Namazov Azərbaycanda startap layihələrin və təsisatların formalaşdırılması ilə bağlı son illər görülən işlərə nəzər salaraq qısa zaman ərzində yüksək nəticələr əldə olunduğunu qeyd edib. O, NRYTN-in Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinə diqqət çəkərək bildirib ki, Texnoparkın ali təhsil müəssisələri ilə əməkdaşlığı startap mühitinin formalaşdırılması üçün vacib amildir.

Prorektor 1 aydan az vaxtdır ki, həyata keçirilən əməkdaşlıq nəticəsində artıq ikinci uğura imza atıldığını vurğulayıb: “Bir neçə gün öncə bizim alimlərin ixtiraları Yüksək Texnologiyalar Parkının təşəbbüsü ilə önəmli sərgilərdən biri olan nəqliyyat və logistika sərgisində nümayiş olundu. Mühüm şəxslər, eləcə də ictimaiyyət bir daha bu ixtiralarla, onların əhəmiyyəti ilə bağlı məlumatlandırıldı. Bu görüş isə əməkdaşlığa başladığımız 1 ay ərzində bizim ikinci işimizdir. Düşünürəm ki, əməkdaşlığımızdan da istifadə edərək birgə uğurlarımızın sayı artacaq”.

NRYTN-in İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxışında seminarın əhəmiyyətini vurğulayıb. O bildirib ki, R.Rasmussen ABŞ-ın Silikon Vadisində, eləcə də Kanadada ən məşhur startap ekspertidir: “R.Rasmussenin ölkəmizdə olması və tələbələrlə təcrübələrini bölüşməsi çox sevindiricidir. Düşünürəm ki, tələbələr bu görüşdən faydalı məlumatlar, startaplarla bağlı yeni metodlar əldə edəcəklər. Çox sevindirici haldır ki, bizim bugünkü görüşümüzdə AzTU tələbələri ilə yanaşı, “İdeyadan biznesə” startap turunun qalibi olan komandaların üzvləri də iştirak edir”.

Daha sonra R.Rasmussenin “Lokal qalaraq qlobal əhəmiyyəti necə əldə etməli?” mövzusunda mühazirəsi dinlənilib. Tədbir çərçivəsində erkən inkişaf mərhələsində olan yerli startapların sürətli böyümə strategiyası, bazar potensialı və digər aktual məsələlər qarşılıqlı olaraq müzakirə olunub.

Qeyd edək ki, NRYTN-in dəstəyi və Rik Rasmussenin və yerli inkubatorların iştirakı ilə bir sıra universitetlərdə də seminarlar davam edəcək. Tərəflər Azərbaycan və ABŞ-ın üzləşdiyi startap ekosistemi problemlərinin həlli yollarını araşdıracaq.

Məlumat üçün bildirək ki, R.Rasmussen dünyanın ən böyük biznes ideya yarışması olan “Climate Launchpad”ın beynəlxalq hakimlərindən biri rolunda çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti