...

DGK sədri: Türkdilli dövlətlərin vahid logistika sisteminin formalaşdırlması üçün sənədin hazırlanması vacibdir

İqtisadiyyat Materials 5 Oktyabr 2018 19:43 (UTC +04:00)
Səfər Mehdiyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DGK sədri: Türkdilli dövlətlərin vahid logistika sisteminin formalaşdırlması üçün sənədin hazırlanması vacibdir

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-dən Trend-ə verilən məlumata görə, S.Mehdiyev qonaqları səmimi salamlayaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gömrük xidməti rəhbərlərinin ötən il Türkiyə Respublikasında keçirilən toplantısında mühüm qərarlar qəbul olunduğunu, bugünkü görüşün də gələcək əməkdaşlığa töhfə verəcəyini bildirib. Komitə sədri qardaş ölkələr olaraq təşkilat çərçivəsində həm ikitərəfli, həm də beynəlxaq səviyyədə faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu, vahid mövqe nümayiş etdirildiyini diqqətə çatdırıb.

Görüşdə o da vurğulanıb ki, bütün sahələrdə olduğu kimi, gömrük sahəsində əlaqələr yüksək səviyyədədir və təşkilat üzvü olan dövlətlər arasında məlumat mübadiləsinin həyata keçirilməsi, müxtəlif sahələr üzrə saziş və protokolların imzalanması, məlumatların qabaqcadan ötürülməsi ilə bağlı pilot layihənin reallaşdırılması bunun bariz nümunəsidir.

S.Mehdiyev türkdilli dövlətlərin başçıları tərəfindən gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı konkret tapşırıqların verildiyini, bu tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə vahid logistika sisteminin formalaşdırlması üçün sənədin hazırlanmasının və həyata keçirilməsinin vacibliyini dilə gətirib.

Komitə sədri Azərbaycan Gömrük Xidməti ilə bir sıra region ölkələri arasında elektron məlumat mübadiləsinin həyata keçirildiyini, təşkilatın bütün üzvləri arasında da elektron məlumat mübadiləsinin tətbiq olunmasının ticarətin və gömrük nəzarətinin asanlaşdırılmasına, idxal-ixrac əməliyyatalarının sürətləndirilməsinə şərait yaradacağını bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi B.Amreyev təmsil etdiyi qurumun son zirvə toplantısında liderlərin iqtisadi əlaqələrin, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı vahid mövqe ortaya qoyduqlarını və bu istiqamətdə mühüm addımlar atıldığını diqqətə çatdırıb. Sammitdən sonra Türkiyə və Qazaxıstanda məhsuldar görüşlər keçirdiyini bildirən Baş katib hazırkı görüşün və oktyabr ayında Qırğızıstandakı təmasların da əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacağının əhəmiyyətindən bəhs edib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti