...

Dünyadakı bütün xəstəliklərin 60 faizi bal ilə müalicə olunur

İqtisadiyyat Materials 16 Oktyabr 2018 14:06 (UTC +04:00)

Bakı. Trend:

Bakıda keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçılarından biri də Füzuli rayonundan olan arıçı Telman Musayevdir. O, ermənilərin işğal etdikləri Füzulinin Yuxarı Rəfədikli kəndində anadan olub. Hazırda 4 saylı “Qayıdış” qəsəbəsində yaşayır. Onun sözlərinə görə, ata-babaları daim arıçılıqla məşğul olub.

Trend-in məlumatına görə, Telman Musayev 15 ildir arıçılıqla məşğuldur: “2003-cü ildə yenidən ailəmizin ənənəsini bərpa etməyi, arıçılığı inkişaf etdirməyi bir məqsəd kimi qarşıma qoydum. Hazırda arıxanamda 40 arı ailəsi var. Bu sahəni daha da inkişaf etdirmək istəyirəm”.

Bal məhsulları haqqında danışan arıçı deyib: “Balın qaymağı çox faydalı arı məhsuludur. Arılar yığdıqları nektarı altıbucaqlı mum yuvaya, yəni şana yığır, bala çevriləndən sonra şanını mumla suvayaraq üzərinə pərdə çəkir, yəni “möhür” vururlar. Bal qaymağı məhz pətəyin üstündəki “möhür”dən, yəni suvaqdan hazırlanır. Müalicəvi əhəmiyyəti var. Nəfəs yollarını təmizləyir, astma və damaq xəstəliyinə qarşı, uşaqlarda vitamin çatışmazlığı zamanı istifadə olunur. 40 arı ailəsindən 9 litr bal qaymağı toplamışam. Bal qaymağı ona görə qiymətlidir ki, “möhür” işini 4 günlük bal arıları həyata keçirir. Onun qəbulu orqanizmdə maddələr mübadiləsini sürətləndirir”.

Telman Musayev arı ailələrini Beyləqan rayonundakı meşələrə aparır. “Yay aylarında biz öz arı ailələrimizi Beyləqan rayonunun meşələrinə, həmçinin sərhədyanı yaşıl zonalara aparırıq. Təmiz bal istehsal etmək üçün arının yaşadığı ərazidə nektar mənbəyi olmalıdır. Digər tərəfdən balın keyfiyyəti təbiətdən və hava şəraitindən də asılıdır. Balın ətri, rəngi və tərkibi arının yaşadığı ərazidən asılı olaraq dəyişə bilər. Çiçək nektarı olan bal daha zəngin olur. “Biyan balı”, “Cökə balı” və sair təqdimatlar ancaq müştərini cəlb etmək üçündür”, - deyə təcrübəli arıçı bildirib.

Onun sözlərinə görə, saxta bal olmur, saxta şirə olur: “Arıçılıqla məşğul olan insan halal olmalıdır. Dünyadakı bütün xəstəliklərin 60 faizi bal ilə müalicə edilir. Propolis cövhəri qəbul edən insan heç zaman xərçəng xəstəliyinə tutulmaz. Bal haqqında bizim bölgədə deyirlər ki, balı qaydasında yeyərsən xeyir verər, isidib yeyərsən, ziyan olar. Balı günəş şüaları altında saxlamaq olmaz. Onu 14 dərəcə temperaturda saxlamaq daha məsləhətdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti