Bakı. Trend:
Kürdəmir rayonunun Muradxan və Mollakənd kəndlərinə təbii qaz verilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 1 097 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 615 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 90 257 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bildirilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda Kürdəmir rayonunun Qarasu kəndinin qazlaşdırılması məqsədilə aparılan tikinti quraşdırma işləri yekunlaşdırılaraq, istismara qəbul mərhələsindədir. Tezliklə təbii qazın verilişi təmin ediləcək.