...

Rusiyanın şərab mütəxəssisləri Azərbaycan şərabçılarının məhsulları ilə tanış olublar (FOTO)

İqtisadiyyat Materials 21 Noyabr 2018 16:59 (UTC +04:00)

Bakı. Trend:

Rusiyadan olan bir qrup jurnalist, bloqer və şərab mütəxəssisi Azərbaycanın şərabçılıq müəssisələri və onların istehsal etdikləri məhsullarla tanış olmaq üçün ölkəmizdə səfər ediblər.

Trend-in məlumatına görə, beşgünlük səfər Azərbaycanın Rusiyadakı Ticarət nümayəndəliyinin, xüsusilə də onun rəhbəri Ruslan Əliyevin dəvəti və təşəbbüsü, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Turizm və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin dəstəyi ilə 14-18 noyabr tarixlərində baş tutub.

Jurnalist və bloqerlər məşhur şərab eksperti, jurnalist, WineQ məktəbinin tədris proqramları üzrə kuratoru Vasiliy Raskovun moderatorluğu ilə “Simple Wine News”, “Афиша Еда”, “It`sMyWine”, “Серебряный Дождь”, “SNC”, “Телеканал 360”, “InstaFoodpassion”, “Вино и Около” kimi kütləvi informasiya vasitələrini təmsil ediblər. Qrupun tərkibinə Rusiyanın məşhur şərab ekspertləri Vladimir Tsapelik, Dmitriy Fedotov, Anton Obrezçikov daxil olublar.

Ekspertlər "Shirvan Wines", "Abşeron Şərab", "İsmayıllı Şərab-2", "Savalan", "Göygöl Şərab", "Gəncə Şərab-2", "Yarımada", "Cəlilabad Şərab-2", "Marandi” brendlərinə aid şərab məhsulları ilə tanış olmuş, onları dequstasiya etmiş, həmçinin bu şərab istehsalı müəssisələrinin yerləşdiyi Şamaxı, İsmayıllı, Qəbələ, Mingəçevir, Göygöl və Gəncə şəhərlərində olublar.

Şərab turunun nəticələri əsasında ölkədə şərabçılğın tarixi, onun inkişaf mərhələləri və perspektivləri, xüsusilə də Azərbaycanın yeni şərabları haqda videoçarx da hazırlanacaq.

Bu cür tədbirlərin keçirilməsi Azərbaycan şərabçılarının məhsullarının yalnız Rusiyada deyil, onun hüdudlarından kənarda da irəliləməsi və populyarlaşmasına zəmin yaradacaq.

Azərbaycanda şərabçılıq ölkənin aqro-sənaye kompleksinin perspektivli inkişaf istiqamətlərindən biri hesab olunur. Cari ilin may ayında ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi buna əyani sübutdur. Dövlət proqramının məqsədləri - şərab istehsalı və ixracının artırılması; ixrac bazarlarının diversifikasiyası; şərab istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması; milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması; şərabçılıq sahəsində mütəxəssislərin bilik və bacarıqlarının beynəlxalq təcrübəyə uyğun artırılması; istehlak bazarında və idxalda keyfiyyətsiz məhsullara qarşı mübarizənin gücləndirilməsidir.

Tərkibinə 46 ölkənin, o cümlədən Azərbaycanın da daxil olduğu Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (International Organisation of Vine and Wine - OİV) məlumatına görə, hər il dünyada 2.7 milyard dekalitrdən artıq üzüm şərabı istehsal olunur. Son dövrdə iqlim dəyişiklikləri səbəbindən şərab istehsalının təxminən 2% azalması müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti