...

“Xalq” Bank 2018-ci ilin yekunlarını açıqladı

İqtisadiyyat Materials 24 Yanvar 2019 11:59 (UTC +04:00)
“Xalq” Bankın 2018-ci ildə fəaliyyətinin nəticələrinə əsasən bankın əsas maliyyə göstəriciləri stabil olaraq artmaqda davam edir.
“Xalq” Bank 2018-ci ilin yekunlarını açıqladı

Bakı. Trend:

“Xalq” Bankın 2018-ci ildə fəaliyyətinin nəticələrinə əsasən bankın əsas maliyyə göstəriciləri stabil olaraq artmaqda davam edir. Bank 2018-ci ilin sonuna aktivlərinin həcmini ötən ilin sonu ilə müqayisədə 194.5 mln manat və yaxud 10,73% artıraraq 2.008 mlrd manata çatdırıb və bu göstəriciyə görə ölkənin 4 aparıcı bankı arasında qərarlaşıb.

2018-ci ilin əvvəli ilə müqayisədə Bankın kapitalı 22.6 mln manat (8,71%) artaraq 282.48 mln manat təşkil edib. Ötən ilin yekunlarına görə Xalq Bank kredit portfelinin həcmi baxımından Azərbaycanın üç ən böyük özəl banklarından biridir. Cari ilin yanvar ayının 1-nə olan məlumata görə, Bankın kredit portfeli 1.383 mlrd. manat təşkil edib. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 70.38 mln manat (5,36%) çoxdur.

Banka müştərilərin dərin inam və etibarının göstəricisi olan depozit portfeli 2018-ci il ərzində 7,56% artaraq 1.259 mlrd manata çatıb.

Bank 2018-ci ili 27.744 mln manat xalis mənfəətlə başa vurub. Bu da ötən ilin əvvəlinə olan xalis mənfəətin həcmi ilə müqayisədə 57,6% artım deməkdir.

Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin, bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi və nağdsız əməliyyatların həcminin artırılması məsələlərinə xüsusi diqqət ayrılıb. Aktiv plastik kartların sayının 2018-ci ildə 21,9% artması bu sahənin inkişafının bariz göstəricisidir. Ümumilikdə il ərzində Bankın xidmət və məhsullarından faydalanan müştərilərin sayında isə il ərzində 14,84% artım müşahidə olunub.

2018-ci ildə Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləyərək reytinq üzrə proqnozu “Neqativ”dən “Pozitiv”dək yüksəldib. Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) caa1, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B2(cr)/Not Prime səviyyəsində təsdiq edib.

Ötən il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirib. Bank plastik kartlarının ümumi əməliyyat dövriyyəsində nail olduğu ən sürətli artım tempinə görə Visa International, World MasterCard Black Edition kartının sayında əldə etdiyi artıma görə MasterCard beynəlxalq ödəniş sistemləri tərəfindən sertifikatla təltif edilib.

2018-ci ildə Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində geniş ictimaiyyətə “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi və görkəmli qrafik Ələkbər Rzaquliyevin bədii albomu təqdim edilib. Bank, korporativ sosial məsuliyyət sahəsində fəaliyyətinə görə Azərbaycan Banklar Asosassiyasının mükafatını qazanıb.

2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə Xalq Bank ölkənin bank sektorunda öz aparıcı mövqeyini bir daha təsdiqləyib. Xalq Bank 2018-ci il ərzində əməkdaşlığa görə bütün müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir və bu uğurların loyal müştəriləri və tərəfdaşların, peşəkar personalın, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsi olduğuna əmindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti