...

Qobustan xalçaçıları: Dövlətimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır (FOTO)

İqtisadiyyat Materials 17 May 2019 12:50 (UTC +04:00)

Bakı. Trend:

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 2016-2018-ci illərdə respublikamızın bölgələrində açdığı filiallardan 10-u ötən il fəaliyyətə başlayıb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qobustan rayonundakı xalça istehsalı emalatxanasının binası Prezident İlham Əliyevin 21 fevral 2018-ci il tarixli Sərəncamına əsasən inşa edilib. Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, infrastrukturunun yaradılması qısa zaman ərzində başa çatdırılıb. 2018-ci ilin sonlarından bu filialda da xalça toxunmasına başlanılıb. Filial binası mayın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

Ölkə rəhbəri “Azərxalça”nın növbəti filialının açılış mərasimində iştirakı ilə bu sahəyə nə qədər böyük önəm verdiyini bir daha nümayiş etdirib. Dövlətimizin başçısı açılış mərasimində ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində görülən işlərin əhəmiyyətindən, gələcəkdə bu sahədə həyata keçiriləcək tədbirlərdən danışaraq deyib: “Azərxalça" Açıq Səhmdar Cəmiyyəti üç il bundan əvvəl mənim Sərəncamımla yaradılmışdır. Qarşıya vəzifə qoyulmuşdur ki, ölkəmizin bütün bölgələrində müasir xalça fabrikləri yaradılsın və bu istiqamətdə çox böyük işlər görülüb. Artıq 20 fabrik hazırdır. Ümumiyyətlə, 31 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Hesab edirəm ki, növbəti bir-iki il ərzində qalan fabriklər də istifadəyə veriləcək və beləliklə, Azərbaycan öz qədim sənətini yaşatmaq istiqamətində çox önəmli addım atmış olacaq. Qobustan fabrikində 150 iş yeri yaradılıb. İşçilərin də mütləq əksəriyyəti qadınlardır. Bu, qadınlar üçün dövlət tərəfindən atılan çox böyük addımdır. Çünki qadınların iş yerləri ilə təmin olunması prosesi xüsusi əhəmiyyət daşıyır. Burada ən müasir avadanlıqlar quraşdırılıb, bütün vasitələr var. Əminəm ki, bu fabrik çox uğurla fəaliyyət göstərəcək. Burada işləyənlər də razı qalacaqlar”.

Xalça istehsalı emalatxanasının kollektivi öz işini dövlət başçısının qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr əsasında qurmağa çalışır. Onlar hələ də Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Qobustan rayonuna səfərinin, “Azərxalça”nın filialının açılışında iştirakının, toxucularla görüşünün yaratdığı xoş təəssüratların təsiri altındadırlar.

Filialın direktoru Sevinc Haşımova deyir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının yaradılması ölkə rəhbərinin qobustanlı xalçaçılara ən böyük hədiyyəsidir. Peşə bayramımız ərəfəsində dövlətimizin başçısının və birinci xanımın filialın açılışında iştirak etməsi bizə ikiqat bayram sevinci bəxş edib.

Sevinc Haşımova bildirir ki, qısa müddət ərzində burada 100 kvadratmetrdən çox xalça toxunub. Emalatxanaya müraciət edənlərin sayı hər gün artır. Filialda işləmək üçün müraciət edənlər tədris-hazırlıq kursuna cəlb olunur. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikat verilərək onlar filialda daimi işlə təmin edilirlər.

Qeyd edək ki, Qobustandakı emalatxanada əsasən Şirvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Qobustan qədim tarixi-coğrafi ərazi olan Şirvanda yerləşir. Tarixən burada orijinal çeşnili Şirvan xalçaları toxunub. Şirvan Azərbaycandan keçən nəhəng ticarət yollarının üstündə yerləşdiyindən bölgədə toxunan xalçalar ixracat məhsulları kimi Şərq ölkələrinə və Avropaya daşınıb. Orta əsrlərdə Azərbaycanda olmuş Avropa səyyahları, tacirlər öz səyahətnamələrində bu ərazi, Şirvanda toxunan xalçalar haqqında qiymətli məlumatlar veriblər. Qobustanın demək olar ki, bütün yaşayış məntəqələrində, xüsusən Çalov, Cəyirli, Nabur, Sündi, Udulu, Paşalı kəndlərində və indiki Qobustan şəhərində (Mərəzə) xalçaçılıq geniş yayılıb. Qobustandakı xalça istehsalı emalatxanasında çalışanların əksəriyyəti məhz bu yaşayış məntəqələrinin sakinləridir. Toxucular bölgənin qədim xalçaçılıq ənənələrinin yaşadılması üçün səylə çalışır, keyfiyyətli xalçalar toxuyurlar.

“Azərxalça”nın digər filialları kimi, burada da 150 toxucunun, 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb.

“Mənim yaşadığım Qobustan şəhərində, dədə-baba yurdumuz olan Çalov və Cəyirli kəndlərində həmişə gözəl xalçalar toxunub. Son vaxtlar xalçaçılığa marağın azalması bu sənətin az qala unudulmasına gətirib çıxarmışdı. Qobustan şəhərində xalça fabrikinin yaradılması qədim el sənətimizi özümüzə qaytardı. Burada təşkil olunan kursda bizimlə bərabər onlarla gənc xalça toxumağı öyrənib. Bu da o deməkdir ki, xalçaçılıq yaşadılacaq, gələcək nəsillərə ötürüləcək” - Toxucu Şövkət Cəfərova belə deyir. O, xalçaçılığa göstərdiyi böyük qayğıya, Qobustanda xalça fabriki yaradıb onları iş yerləri ilə təmin etdiyinə görə ölkə rəhbərinə dərin minnətdarlığını bildirir.

Bizim xalçaçılıq tariximiz kəndlərimizlə yaşıddır. Xalça bizim bəzəyimiz, ruzi-bərəkətimizdir. Bir şirvanlı üçün xalça toxumaq müqəddəs missiyadır.
Qobustan filialında çalışan hansı toxucudan xalça barədə soruşulsa, belə fikirlər səsləndirir. Toxucu Zahidə Eyyubova da ömrünü bu sənətə bağlayanlardan biridir. Bildirir ki, 30 ildən çoxdur, bu sənətlə məşğul olur. Xalçaçılığa indiki qədər qayğı göstərildiyinin şahidi olmayıb:

“Prezidentimiz nənələrimizdən miras qalan xalçaçılıq sənətini bizə yenidən bəxş edib. Prezidentimizin və birinci xanımın filialımızın açılışında iştirakı, toxucularla görüşü, qayğı və problemlərimizlə maraqlanması bizi bu qədim sənətə daha sıx tellərlə bağlayıb. Biz bilirik ki, Azərbaycan xalçaçılarının cənab İlham Əliyev və Mehriban xanım Əliyeva kimi himayədarı və qayğıkeşi vardır”.

Toxucu Əsarə Abdulrəhimova da onlar üçün yaradılan şəraitdən razılıqla və minnətdarlıqla danışır: “Toxucular üçün burada çox gözəl şərait yaradılıb. Toxuduğumuz xalçaları işıqlı emalatxana binasında ərsəyə gətiririk. Bizim rahatlığımız üçün hər şey nəzərə alınıb. Emalatxanaya rahat gəlib-getməyimiz üçün nəqliyyat vasitəsi ayrılıb. Burada bizim sağlamlığımızın qeydinə də qalınıb. Filialda yaradılan tibb otağı lazımi avadanlıq və dərman vasitələri ilə təmin olunub. Bütün bunlara görə dövlətimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır”.

Filalın kollektivi keyfiyyətli məhsul istehsalı üçün səylə çalışır. Onlar bilir ki, toxuduqları xalçalar “Azərbaycan brendi” adı altında ixrac olunur.

Kollektiv onu da bilir ki, Azərbaycan xalçaları tarixən bütün dünyada öz keyfiyyəti ilə seçilib və yüksək qiymətləndirilib. Bir neçə əsr bundan əvvəl toxunan Şirvan xalçaları bu gün ABŞ-ın Boston İncəsənət, Kanadanın Tekstil muzeylərinin ən dəyərli eksponatlarındandır. Deməli, Azərbaycan xalçalarının şöhrətini qoruyub saxlamaq və daha da ucaltmaq üçün yaxşı işləmək, keyfiyyətli xalçalar toxumaq lazımdır. Qobustan filialının kollektivi belə fikirdədir və öz işini məhz bu istiqamətdə qurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti