Bakı. Trend:
Son dövrdə gündəmdə yer alan və ictimaiyyətin geniş marağına səbəb olan məsələlərdən biri də İcbari sığorta növləri üzrə (NVSMMİS və Daşınmaz əmlak) komisyon muzdlarının yüksək faizləri mövzusudur. “Azərbaycan Sığortaçılar Assosiasiyası”nın (ASA) sədri Azər Əliyevin rəhbərliyi ilə Monitorinq işçi qrupunun bu mövzuya həsr edilmiş növbəti iclası keçirilib.
Assosiasiyadan Trend-ə verilən məlumata görə, ASA-nın üzvü olan Qeyri-həyat Sığorta şirkətlərinin Satış və sığorta xidməti üzrə departament rəhbərlərinin iştirakı ilə keçirilən iclasda komisyon muzdlarının mövcud yüksək faizlərinin sığorta bazarına vurduğu ziyan, eləcə də komisyon faizlərinin qanunsuz artımına son qoyulması istiqamətində tədbirlərin həyata keçirilməsi, komisyon muzdlarının 15%-dən yüksək olmamasına dair Mərkəzi Bankın tapşırığı da müzakirə edilib.
Əsas Nəzarət orqanının tələb və tapşırıqlarından irəli çıxan vəzifə və öhdəliklər iclas iştirakçılarının nəzərinə çatdırılıb. Nəticə olaraq qısa zaman ərzində komisyon faizlərinin 15%-ə qədər azaldılması üçün zəruri tədbirlərin həyata keçirilməsi qərara alınıb.
ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.