...

Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

İqtisadiyyat Materials 30 Mart 2020 10:43 (UTC +04:00)
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) koronavirus (COVID-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini müəyyən etmək məqsədi ilə bayram günlərində sahibkarlarla və aidiyyəti dövlət orqanları ilə birbaşa əməkdaşlıq şəraitində çalışıb.
Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

Bakı. Trend:

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) koronavirus (COVID-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini müəyyən etmək məqsədi ilə bayram günlərində sahibkarlarla və aidiyyəti dövlət orqanları ilə birbaşa əməkdaşlıq şəraitində çalışıb.

Bu barədə ASK-dən Trend-ə məlumat verilib.

Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixili Sərəncamı ilə pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsiri, ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə 4 İşçi Qrupu yaradılıb. (https://president.az/articles/36228).

İşçi Qruplar real vəziyyətin araşdırılması və infeksiyanın yayılmasının qarşısının alınması üçün tətbiq olunan məhdudiyyətlərdən birbaşa və ya dolayısıyla əziyyət çəkmiş iqtisadi subyektlərin və vətəndaşların müvafiq dövlət dəstəyi ilə təmin olunması ilə bağlı təkliflər hazırlayırlar. Dövlətin sosial tərəfdaşı olan ASK da öz növbəsində təmsil etdiyi özəl sektordakı sahibkarların ən böyük platforması kimi sahibkarlarla birgə məsləhətləşmələr əsasında hazırlanmış təkliflər paketini aidiyyyəti İşçi Qruplarına təqdim edib.

Qeyd edək ki, ötən müddətdə ASK-nın tərkibində fəaliyyət göstərən 14 sahəvi komissiyanın işi daha da gücləndirilmiş və toplanan təkliflər hüquqi çərçivəyə salınıb. Sahibkarlara göndərilən yazılı sorğulara verilən cavablar analiz edilib, onlardan onlayn iclaslar yolu ilə təkliflər toplanıb. Eləcə də Azərbaycanın bölgələrində fəaliyyət göstərən ASK-nın 40-dan çox nümayəndəsi də bu proseslərə cəlb olunaraq ümumilikdə ölkədəki iqtisadi vəziyyətlə bağlı əhatəli məlumatlar toplanılıb.

Təkliflər Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin və Konfederasiyanın digər rəhbər şəxslərinin təmsil olunduğu İşçi Qrupların iclaslarında müzakirəyə çıxarılıb.

Məlumat üçün onu qeyd edək ki, ASK-nın irəli sürdüyü təkliflər paketi genişdir və ziyan çəkmiş bütün sahibkarlıq sahələrini əhatə edir. Təkliflər paketinə geniş vergi güzəştlərinin verilməsi, bəzi məhsulların idxalı üzrə gömrük rüsumlarının azaldılması, sahibkarların aldığı kreditlər üzrə bank faizlərinin müəyyən müddət üçün hesablanmaması, əsas borc üzrə ödənişlərin ertələnməsi, icarə haqqlarının, sosial müdafiə xərclərinin tam və ya qismən subsidiyalaşdırılması, su, elektrik enerjisi, qaz və digər kommunal ödənişlərə güzəştlərin tətbiq edilməsi və ödənişlərin təxirə salınması, işəgötürənlərə, işçilərə dövlət dəstəyinin göstərilməsi və s. təkliflər daxildir.

Qeyd edək ki, İşçi Qruplar bu müzakirələrin nəticələri əsasında təkliflər paketinin son variantını hazırlamalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti