...

Nüfuzlu "YouTube" kanalı SSRİ-də ilk elektrik qatarı haqqında video yayımlayıb (VİDEO)

İqtisadiyyat Materials 11 May 2020 14:25 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dəmir yolu nəqliyyatı mövzusunda ixtisaslaşmış Ukraynanın baxımlı “Железные магистрали” (“Dəmir magistrallar”) "YouTube" kanalı növbəti videomaterialını SSRİ-nin ilk elektrik qatarlarına həsr edib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildirilib ki, izləyicilərini elektrikləşdirilmiş dəmir yolunun tarixi ilə tanış edən kanalın müəllifi Oleq Vasilyev Sovet İttifaqında birinci elektrik qatarının Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyətə başlamasından geniş bəhs edib.

“SSRİ-nin ilk elektrik qatarı: keçmiş və gələcək” adlı videomaterialda müəllif o zamanlar bütün texnoloji yeniliklərin adətən Sovet İttifaqının paytaxtı Moskva şəhərində tətbiq olunmasına eyham vuraraq, ilk dəfə elektrik qatarından Bakıda istifadə olunmasının səbəblərini izah etməyə çalışıb.

Müəllif həmçinin Azərbaycanda son illər elektrik qatarlarından geniş istifadə olunması istiqamətində görülən işlərdən söz açmış, köhnə dəmir yol xətlərinin bərpa olunması və ən son model elektrik qatarlarının sərnişinlərin ixtiyarına verilməsini qeyd etmişdir. Bundan başqa, videoda Azərbaycanda elektrik qatarlarında tətbiq edilən gediş haqqının digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olması vurğulanmışdır.

Qeyd edək ki, 1926-cı il 6 iyul tarixində istifadəyə verilən Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolu xətti nəinki Azərbaycanda, bütün SSRİ-də ilk belə xətt olub. 2015-ci ilin sentyabrın 12-də Bakı-Sumqayıt xəttinin açılışı baş tutub. Həmin xətt üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan ən müasir elektrik qatarları hərəkət etməyə başlayıb. 2020-ci ilin martın 18-də isə Abşeron dairəvi dəmir yolu xətti tam istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti