...

KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib

İqtisadiyyat Materials 28 Oktyabr 2020 17:43 (UTC +04:00)
KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib

Bakı. Trend:

Oktyabrın 28-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və “Education HUB”ın təşkilatçılığı ilə onlayn formatda Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib.

KOBİA-dan Trend-ə bildirilib ki, Azərbaycanda ikinci dəfədir təşkil olunan forumun məqsədi sosial sahibkarlığın ölkənin sosial-iqtisadi inkişafında rolunu, dövlətin bir sıra məqsədlərinə nail olmaq üçün innovativ vasitə olduğunu diqqətə çatdırmaq və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.
Onlayn tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatları və sahibkarlar iştirak ediblər.

Forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, özünüməşğulluğun artırılması, həssas qrupların, o cümlədən aztəminatlı ailələrin, regionlarda yaşayan əhalinin, xüsusən də qadınların sosial biznesə cəlb olunması müsbət əhəmiyyət daşıyır və bu istiqamətlərdə Azərbaycanda da davamlı olaraq dövlət dəstəyi tədbirləri həyata keçirilir. KOBİA ölkəmizdə sosial sahibkarlığın inkişafını dəstəkləyir və sosial baxımdan həssas qruplarla bağlı ötən dövr ərzində başladığı layihələri uğurla davam etdirir. Agentlik sosial sahibkarlıq sahəsində əlavə dəstək və təşviq mexanizmlərini özündə birləşdirən qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial sahibkarlığın dəstəklənməsi və təşviqi, sosial sahibkarlarla birlikdə onların layihələrinin icrasında iştirak istiqamətlərində dəstəyini və iştirakını bundan sonra da davam etdirəcəkdir.

Forumda Orxan Məmmədov Ermənistanın sentyabrın 27-dən etibarən Azərbaycana qarşı hərbi təxribatı nəticəsində yaşayış məntəqələrinə ziyanın dəyməsi, mülki obyektlərin dağıdılması, mülki şəxslərin öldürülməsi və yüzlərlə vətəndaşımızın yaralanması barədə də məlumat verib. Bildirilib ki, Ermənistanın vandalizm aktları nəticəsində Azərbaycanın 9 şəhər və rayonu üzrə 250-dən çox sahibkarlıq subyektinə ziyan dəyib. Hazırda sahibkarlara dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür və sahibkarlara lazımi dəstək göstəriləcəkdir.

Onlayn tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, millət vəkili Müşviq Cəfərov və digərləri çıxış edərək sosial sahibkarlığın əhəmiyyəti, ölkəmizdə bu sahənin təşviqi ilə bağlı fikirlərini bildirib, xarici spikerlər sosial sahibkarlıq sahəsində təcrübələrini bölüşüb və müxtəlif ölkələrin sosial sahibkarlıq sahəsində qanunvericiliyi barədə məlumat verib, sosial biznesin yaradılması, sosial inkişaf üçün innovativ həllər və davamlı inkişaf üçün sektorlararası əməkdaşlıq müzakirə olunub, panel iclaslar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti