...

Ermənistanda istehlak iqtisadiyyatı: Çökmə davam edir

İqtisadiyyat Materials 19 Noyabr 2020 14:47 (UTC +04:00)
Ermənistanda istehlak iqtisadiyyatı: Çökmə davam edir

Bakı. Trend:

İstehlak Ermənistan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir. 2019-cu ildə ÜDM-in 7,6% artımına istehlakın töhfəsi 10,8%, bundan özəl istehlak xərcləri 9,3% olmuşdur. 2019-cu ildə ev təsərrüfatı istehlakı xərcləri ÜDM-in 82,8% -ni təşkil etmişdir. Ev təsərrüfatlarının son istehlak xərcləri aşağı məcmu kapital formalaşmasını və cari balansın xroniki kəsirini qismən kompensasiya edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə,

Ermənistanda iqtisadi aktivlik indeksi 2020-ci ilin avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə 9,8% azalıb. Oktyabr ayında BVF 2020-ci il üçün ÜDM-də 4,5% azalma proqnozlaşdırır. Proqnozlar ÜDM-in xərc faktorlarının əksəriyyətinin azalmasını əks etdirir. BVF-yə görə, Ermənistana cari əməliyyatlar hesabı kəsrinin ÜDM-ə nisbətinin 2020-ci ildə -8.8 %-ə qədər artacağı gözlənilir. Son iqtisadi qeyri-müəyyənliklər, siyasi qeyri-sabitlik və hərbi əməliyyatlar Ermənistanda birbaşa xarici investisiyaları daha da azaldır. "Economic Intelligence Unit" (EIU) 2020-ci ildə məcmu investisiyaların ÜDM-ə nisbətində 6% azalma proqnozlaşdırır. Bununla birlikdə, əsasən hökumətin koronavirus dəstək paketindən irəli gələn dövlət istehlak xərclərinin ÜDM-ə nisbətinin 13,4% artması gözlənilir. Ermənistanda COVİD üzrə adambaşına düşən infeksiya səviyyəsinin olduqca yüksək olduğunu nəzərə alaraq, səhiyyə xərcləri də büdcəyə böyük yük olur. Son hökumət büdcəsi müzakirələri əsasən fiskal genişlənməyə mənfi təsir göstərəcəyi gözlənilən hərbi xərclərin artmasına yönəldilib.

Beləliklə, digər xərc faktorları Ermənistan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinin azalmasını kompensasiya edə bilməz. EIU-ya görə, 2020-ci ildə özəl istehlakın ÜDM-ə nisbətinin 8,2% azalacağı gözlənilir. Xidmətlərin 4,6% azalacağı proqnozlaşdırılır.

Ermənistandakı iqtisadi göstəricilər istehlakın daralmasını şərtləndirir. Pul köçürmələrində azalma, aşağı real əmək haqları, virusla əlaqəli məhdudiyyətlər, işsizlik, müəssisələrin fəaliyyətinin dayanması, qeyri-müəyyənliklər və gözləntilərin pisləşməsi ev təsərrüfatlarının istehlakını azaldır. Davam edən hərbi əməliyyatlar və ölkənin maddi və əmək ehtiyatlarının müharibə üçün səfərbər edilməsi bu azalmanı sürətləndirib.

ÜDM-in 11%-i nisbətində olan pul baratları Ermənistanda ÜDM artımının vacib və ən dayanıqlı amilidir və özəl istehlakı dəstəkləyir. Bu, iqtisadiyyatın xarici amillərdən yüksək dərəcədə asılılığını nümayiş etdirir.

Koronavirus pandemiyası ilə əlaqədar yaranan xarici şoklar nəticəsində 2020-ci ilin birinci yarısında pul baratları əvvəlki ilin eyni dövrünə nisbətən 22% azalıb. Rusiya pul köçürmələrinin əsas mənbəyi olduğundan, Ermənistana xarici valyuta axınları neft qiymətləri volatilliyinə məruz qalan Rusiya iqtisadiyyatından əhəmiyyətli dərəcədə təsirlənir.

İşsizlik və artan yoxsulluq səviyyəsi ev təsərrüfatlarının istehlakının azalmasına səbəb olur. BVF Ermənistanda işsizlik səviyyəsini 2020-ci ildə 22,3% və 2021-ci ildə 21,1% həddində proqnozlaşdırır. Ötən ilin eyni dövrü ilə müqayisədə orta aylıq nominal əmək haqqı 2020-ci ilin avqust ayında 2,6% azalıb. BMT-nin Davamlı İnkişaf Məqsədləri İndeksinə görə, Ermənistanda gündəlik gəliri 3,2 dollardan az olan insanların sayı 6,5% -dir.

Xüsusi istehlakın azalması müxtəlif göstəricilərdə özünü göstərir. 2020-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətən idxal 12,4% azalıb. Nəqliyyat vasitələrinin idxalı isə iyul ayında ötən ildən aşağı olub.

2020-ci ilin yanvar-avqust aylarında keçən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 11,5% azalma nümayiş etdirmişdir. Rəqəmsallaşma nəticəsində kassa dövriyyəsi cəmi 2,5% azalıb. Ev təsərrüfatları istehlakının qiymətləndirilməsi üçün əhəmiyyətli bir göstərici olan xidmətlərin həcmi 10,8% aşağı düşüb.

Mənzil bazarında tələb də azalmaqdadır. Yerevanda mənzil alqı-satqısı əməliyyatlarının sayı 2020-ci ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 60% azalıb. Bununla yanaşı, iyul ayında illik azalma tempi 12%-ə düşüb ki, bu da həmin ayda ipoteka krediti portfelinin 3% artması ilə əlaqədardır.

Ermənistanda vətəndaşların özləri tərəfindən qarşılanan (out of pocket) sağlamlıq xərcləri ümumi sağlamlıq xərclərinin 80%-ini tutur və bu İnkişaf Etməkdə Olan Ölkələr arasında arasında ən yüksək göstəricilərdən biridir. Belə ki, inkişaf etməkdə olan ölkələrdə bu xərclər üzrə orta göstərici 32%-dir.

Ermənistanda iqtisadi artımın 2021-ci ildə bir qədər yüksəlməsi gözlənilsə də, bu, hərbi əməliyyatların hansı müddətdə davam etməsi və ölkədə koronavirusun nə qədər yayılmasından asılıdır. Mövcud tendensiyalar nəzərə alınaraq, Ermənistanda ÜDM-in əsas amili-ev təsərrüfatlarının istehlakı iqtisadi artımla bağlı müsbət proqnozları dəstəkləmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti