Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda süni intellekt texnologiyaları ilə bağlı institusional tədbirlər tələb edən xüsusi qanunlar qəbul edilməlidir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.
Onun sözlərinə görə, süni intellekt texnologiyaları ilə bağlı məsələlər hüquqi tənzimlənməlidir. Bu texnologiyaların mülki məqsədlər üçün kütləvi istifadəsini təmin etmək məqsədilə dünyanın aparıcı ölkələrinin qanunvericilik təcrübəsindən istifadə etməklə, ölkəmizdə qanunvericilik bazasının, normativ-hüquqi mühitin yaradılması son dərəcə vacibdir.
Akademik hesab edir ki, mülki dövriyyə üçün nəzərdə tutulan pilotsuz uçuş aparatları çəkisinə, təyinatına və digər parametrlərinə görə qeydiyyatdan keçirilməlidir. Pilotsuz uçuş aparatının sahibinin, onun proqramlaşdırılması üzrə məsul şəxsin kimliyi, qurğunun istismarı və texniki baxışı kimi bir sıra kompleks məsələlər araşdırılmalıdır:
"Süni intellekt texnologiyalarının təhlükəsizliyi məsələləri də xüsusi diqqət yetirilməsi vacib olan məqamlardandır. Süni intellektə əsaslanan dronların sahibləri onlardan istifadənin məsuliyyətini anlamalıdırlar”.