...

Ələt Azad İqtisadi Zonası iqtisadiyyatımıza hansı töhfələr verəcək? - AÇIQLAMA

İqtisadiyyat Materials 2 İyul 2021 00:01 (UTC +04:00)

Bakı. Çingiz Səfərli -Trend:

Ələt Azad İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bütövlükdə ölkə iqtisadiyyatına investisiyanın cəlb edilməsi baxımından vacib bir layihədir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biri fəaliyyətinin beynəlxalq hüquqla tənzimlənməsidir ki, bu, zonaya hasilatın pay bölgüsünə uyğun statusun verilməsi deməkdir:

"Eyni zamanda Azərbaycan hökuməti tərəfindən Ələt Azad İqtisadi Zonasında ilkin infrastruktur formalaşdırılacaq. Bütün bunlar xüsusən aparıcı xarici şirkətlərin investisiya qoyuluşunu təşviq etmək baxımından vacibdir. İstehsal edilən məhsulların bir qisminin daxili, bir qisminin isə xarici bazara çıxarılması təmin olunacaq. Eyni zamanda Ələt İqtisadi Zonası Azərbaycan üçün texnologiya vasitələrinin cəlb edilməsi baxımından da vacibdir. Bu, yeni iş yerlərinin, xüsusən də ixtisaslı kadrların iş yerləri ilə təminatına müsbət təsir göstərəcək".

Millət vəkili həmçinin qeyd edib ki, Ələt Azad İqtiadi Zonası coğrafi yerləşmə baxımından da mühüm əhəmiyyət kəsb edir. Bunun zonada istehsal edilən məhsulların ixracı baxımından kifayət qədər böyük üstünlükləri var. Ələt İqtisadi Zonasının fəaliyyətə başlamasından sonra Azərbaycanın qeyri-neft ixracının da artacağı proqnozlaşdırılır: "

Bu, bir tərəfdən qeyri-neft sektorunda istehsal edilən məhsullarının həcminin artmasına və bütövlükdə sektorun inkişafına zəmin yaradacaq. Həmçinin daxili bazara daha çox yerli istehsal olan məhsulların çıxarılmasına imkan verəcək. Nəzərə alsaq ki, Ələt paytaxta yaxın ərazidir, təbii ki, ixtisaslı kadrların daha yüksək maaşlı işlə təmin olunmasına şərait yaradacaq. Çünki bura xüsusən aparıcı şirkətlərin investisiya qoyacağı proqnozlaşdırılır".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti