...

Azərbaycandan Rusiyaya dəmiryolu ilə məhsul daşınmasına icazənin müddəti uzadılıb

İqtisadiyyat Materials 16 Fevral 2022 10:57 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında əməkdaşlığın genişləndirilməsi, ikitərəfli ticarət məsələlərinin həllində konstruktiv dialoq mühitinin mövcudluğu və ölkəmizin fitosanitar nəzarət sisteminə yaranmış etimad öz müsbət nəticəsini verməkdədir.

AQTA-dan Trend-ə verilən məlumata görə, belə ki, 2021-ci il 11 iyun tarixində AQTA və "Rosselxoznadzor" arasında aparılan danışıqlar nəticəsində 2022-ci il 1 aprel tarixinə qədər pomidor və alma məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınmasına icazə verilmişdir. Bu sahədə hazırkı şəraitdə mövcud olan infrastruktur nəzərə alınaraq müddətin uzadılması ilə bağlı AQTA tərəfindən Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə rəsmi müraciət olunmuş, Agentlik sədri Qoşqar Təhməzli ilə “Rosselxoznadzor” rəhbəri Sergey Dankvert arasında 14 fevral 2022-ci ildə növbəti danışıqlar həyata keçirilmişdir. Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilmiş və alma və pomidor məhsullarının 2023-cü ilin 1 yanvar tarixinə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapmışdır. Birgə səmərəli fəaliyyətə, Azərbaycandan Rusiyaya alma və pomidor məhsullarının ixrac prosedurlarının sadələşdirilməsi, eləcə də AQTA-nın zəmanəti əsasında bu ölkəyə məhsul ixracına icazələrin verilməsi ilə bağlı Q.Təhməzli rusiyalı həmkarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən bu ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab verən konteynerlərlə daşınması tələbi mövcuddur.

Hazırda ölkəmizdən Rusiyaya pomidor ixracına icazə verilmiş 227 pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948 ton təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti