...

DANX TIR sürücülərinin etirazına münasibət bildirib

İqtisadiyyat Materials 17 Fevral 2022 13:26 (UTC +04:00)

Bakı. Trend:

Bildirmək istəyirik ki, 2021-ci il ilin iyun ayından etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi prosesi yeni və şəffaf mexanizmin tətbiqi ilə həyata keçirilir.

Trend-in məlumatına görə, bu barədə xidmətin TIR sürücülərinin etirazına münasibət olaraq verdiyi açıqlamada deyilir.

Qeyd olunur ki, icazələrin bölgüsü prosesində daşıyıcıların özlərinin də iştirakı təmin edilib.

"Bölgü nəticələri daşıyıcıların assosiasiyasının saytında dərc edilərək ictimailəşdirilir. Əvvəlllər mövcud olan neqativ hallar tam və birmənalı dayandırılıb. Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən tam maneəsiz əldə edirlər. Məlumat üçün bildirək ki, “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur.

Bu istiqamətdə nazirlik tərəfindən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edilir və daşıyıcıların real tələbatı haqqında məlumatlar mübadilə edilir. Yalnız bir daşıyıcı-Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub.

Bundan əlavə, Xidmətin məsul əməkdaşları tərəfindən dəfələrlə qəbul olunaraq mövcud qanunvericilik barədə müvafiq izahatlar verilməsinə baxmayaraq, Rəmiş Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda “İcazə” blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozaraq qanunsuz əməllərə yol vermiş, hərəkətləri ilə Xidmətin normal iş ahəngini pozmuşdur.

Sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində Rəmiş Cəfərov növbəti bir qanunsuz əmələ yol verərək Xidmətin normal iş ahəngini pozub. Nəticədə xidmət tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət olunaraq polis əməkdaşlarının müdaxiləsindən sonra yük avtonəqliyyat vasitəsi Xidmətin inzibati binasının qarşısından götürülmüş və Rəmiş Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılmışdır.

Onu da bildiririk ki, Cəfərov Rəmiş tərəfindən əvvəllər də bir sıra qanun pozuntularına yol verilib. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə ünvanladığı 17 yanvar 2018-ci il tarixli məktubla lizinq müqaviləsi əsasında əldə etdiyi avtonəqliyyat vasitəsini qanunsuz yolla ölkədən çıxartdığına görə Rəmiş Cəfərova avtomobil nəqliyyatı ilə daşımalar üçün müvafiq icazələrin verilməsinin dayandırılmasını və verilmiş icazələrin etibarsız hesab edilməsinin təmin olunmasını xahiş etmişdir.

Digər bir daşıyıcının 17 yanvar 2019-cu il tarixli məktubuna əsasən Rəmiş Cəfərov ona məxsus 99XE844/99ZA042 nömrəli nəqliyyat vasitəsi ilə 01 avqust 2018-ci il tarixində Türkiyə-Qazaxıstan marşrutunda beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində şirkətin kustar üsulla hazırlanmış saxta ştampından istifadə edərək Türkiyədən Qazaxıstana daşıdığı yaş salfetka yükünü Gürcüstanda tütün məhsulları ilə əvəz edərək Rusiya Federasiyasının ərazisinə keçmiş və orada yükü naməlum şəxslərə təhvil vermiş, nəticədə baş vermiş hadisəyə görə bu şirkətə Rusiya Federasiyasının gömrük orqanları tərəfindən yükün ünvana çatdırılmaması və qara siyahıya salınması barədə xəbərdarlıq edilərək onun işgüzar nüfuzuna xələl gətirilmişdir.

Bu il Cəfərov Rəmiş tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən müvafiq icazələr alınmayıb. Onun tərəfindən xarici ölkədən yüklənmiş nəqliyyat vasitəsi olduğu bildirildikdə icazəsi olmadan bunu necə etdiyi sorğulanıb. Məsələyə aydınlıq gətirmək və dövlət orqanı ilə əməkdaşlıq etmək əvəzinə Cəfərov Rəmiş tərəfindən nəqliyyat vasitələri şəhərin mərkəzi prospektinin ikinci zolağında saxlanılıb.

Onu da bildirmək istəyirik ki, Rəmiş Cəfərovun beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, 10 yanvar 2022-ci il tarixindən etibarən “R Group Azerbaijan” MMC ABADA üzvlüyündən çıxarılmışdır. Yəni milli daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş etirdimişlər.

Qeyd edək ki,“İcazə blankları” verilərkən daşıyıcıların həmin blanklara olan cari tələbatı araşdırılır və onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır. Bu istiqamətdə işlər davam etdirilir və qısa müddətdə icazələrin bölgüsünün idarə edilməsi üçün xüsusi elektron proqram təminatı istifadəyə veriləcək. Məqsəd icazələrin bölgü prosesində ədalət prinsipini qorumaq və daşıyıcıların icazələrə çıxışını daha da asanlaşdırmaqdır".

Qeyd edək ki, bu gün səhər saatlarında Nərimanov rayon ərazisində 4 yük avtomobilinin sürücüləri yolu bağlayıb və nəticədə Heydər Əliyev prospektində tıxac yaranıb.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti