...

"Visa" Gürcüstana innovasiya və texnoloji tətbiqlər gətirməyə davam edəcək - Qafqaz regionu üzrə regional menecer (Müsahibə)

İqtisadiyyat Materials 28 Aprel 2022 08:00 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

"Visa" və Gürcüstan arasında imzalanmış və iki il müddətinə qüvvədə olan Anlaşma Memorandumu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə əməkdaşlığı inkişaf etdirməyə yönəlib.

Bunu Trend-ə özəl müsahibəsində baş direktor - "Visa"nın Qafqaz regionu üzrə regional meneceri Diana Kiquradze deyib.

Onun sözlərinə görə, Memorandum çərçivəsində əməkdaşlıq kiçik və orta sahibkarlığın dəstəklənməsinə, yerli və beynəlxalq turizmin təşviqinə, innovativ texnologiyaların inkişafının stimullaşdırılmasına və Gürcüstanın iqtisadi və maliyyə inteqrasiyasına yardıma yönəldiləcək.

Regional menecer qeyd edib ki, Anlaşma Memorandumu çərçivəsində "Visa" və Gürcüstan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri qlobal rəqəmsal təhsil platformasının aktivləşdirilməsidir.

"Visa", "Gürcüstanda istehsal et" layihəsi ilə əməkdaşlıq çərçivəsində "Visa Business Skills" platformasının işə salınması və rəqəmsallaşma prosesinin sürətləndirilməsi kimi birgə təhsil proqramları təklif etməklə, COVID-19 pandemiyasının təsirindən zərər çəkmiş Gürcüstan biznesinə kömək etmək niyyətindədir", - deyə D.Kiquradze deyib.

Onun sözlərinə görə, "Visa"nın qlobal rəqəmsal təhsil platforması olan "Praktik Biznes Bacarıqları" kiçik və orta müəssisələr üçün yeni məlumatlar əldə etmək, biznesin idarə edilməsi bacarıqlarını təkmilləşdirmək və maliyyə savadlılığını artırmaq üçün 50-dən çox onlayn təlim modulu təklif edir.

Regional menecer bildirib ki, "Visa" "Gürcüstanda istehsal et" proqramı çərçivəsində ikitərəfli tərəfdaşlığı dərinləşdirmək üçün yeni imkanları araşdırmağa hazırdır

D.Kiquradze qeyd edib ki, "Visa" həmçinin Gürcüstana turizmi təşviq etmək və yerli və xarici turistlərin sayını artırmaqda kömək etmək niyyətindədir. "Visa" Gürcüstanda turistlərin sayı və onların maraqları ilə bağlı konkret məlumatları Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə bölüşəcək.

"Hazırlanmış konsepsiya turist axınını effektiv şəkildə stimullaşdırmağa və bu sahədə zəif yerləri müəyyən etməyə imkan verəcək", - deyə o bildirib.

O, digər "Visa"nın təşəbbüsləri arasında qadın sahibkarlığını təşviq etmək üçün qlobal kampaniya olan "She's Next"i də qeyd edib.

"She's Next" təşəbbüsü regionda ən uğurlu layihələrdən biri olub, onun bir hissəsi kimi biz "Visa" spikerləri, brend ekspertləri və uğur qazanmış iş qadınları ilə qadın sahibkarlar üçün pulsuz onlayn təhsil master-klassları keçirmişik. 2019-cu ildə ABŞ-da başladılan bu kampaniya artıq Gürcüstanda genişlənmə potensialı olan 2000-ə qədər qadını bir araya gətirib", - deyə D.Kiquradze bildirib.

"Həmçinin tərəfdaş təşkilatların - “Sabahkı günün qadınları” Biznes Liderləri Federasiyasının və "Forbes Woman Georgia"nın iştirakı ilə qadın sahibkarlar üçün müsabiqə təşkil edilib. "Visa", irqindən, cinsindən və yaşından asılı olmayaraq cəmiyyətin bütün üzvləri üçün bərabər imkanlar təmin etdiyimiz müasir tendensiyaları diqqətlə izləyir", - deyə regional menecer deyib.

O, həmçinin qeyd edib ki, "Visa" Gürcüstanda innovasiyalar haqqında məlumatlılığı artırmaqda davam edir.

"Biz startap nümayəndələri, "Visa" ekspertləri və maliyyə sahəsinin əsas nümayəndələri ilə startap ekosistemi və innovasiya tendensiyalarını müzakirə etmək üçün "Forbes Georgia" ilə birlikdə Gürcüstanda innovasiyaların təşviqinə dair bir sıra podkastlar yaratdıq", - deyə D.Kiquradze bildirib.

Onun sözlərinə görə, Gürcüstan təmassız ödənişlər üzrə dünyada lider ölkələrdən biridir. Gürcüstanda hər 10 ödənişdən 9-u "Visa" kartlarından istifadə etməklə təmassız texnologiya ilə həyata keçirilir

"Gürcüstan innovasiyalara açıqlıq baxımından güclü mövqeləri saxlayır. Bu ölkə çoxdan inkişaf, rəqəmsallaşma və nağdsız iqtisadiyyat yolunu seçib. Biz "Visa"da görürük ki, bizim kiçik regionumuz innovativ texnologiyaların tətbiqi üçün böyük potensiala malikdir", - deyə regional menecer bildirib.

D.Kiquradze bildirib ki, son iki il ərzində, COVID-19 pandemiyası şəraitində Gürcüstanda biznes transformasiya edə bilib.

Onun sözlərinə görə, Gürcüstanda biznes onlayn formata keçib, brend strategiyaları yeni reallıqlara uyğunlaşdırılıb, rəqəmsallaşmaya tələbat artıb və təmassız ödənişlərin funksionallığı genişlənib. Bu mənada "Visa" pandemiya zamanı pulun hərəkətini asanlaşdırmaq, Gürcüstan iqtisadiyyatının əsaslarından birini təşkil edən kiçik və orta sahibkarlığı dəstəkləmək və stimullaşdırmaq üçün daha çox imkanlar yarada bilib.

"Biz qlobal "Alış-verişin edildiyi yer önəmlidir" kampaniyasını başladaraq onlayn transformasiya prosesini yumşaltmağa kömək etdik. Bu kampaniya vasitəsilə biz yerli müəssisələrə davamlı olaraq fəaliyyət göstərməsinə və məhsulları satmasına kömək etdik", - deyə D.Kiquradze qeyd edib.

O bildirib ki, "Visa" innovativ texnologiyalar tətbiq etməklə və maliyyə ekosistemini təkmilləşdirməklə daha sağlam rəqabət mühiti yaradacaq ki, bu da biznesə pandemiya ilə bağlı mövcud maneələri və çətinlikləri aradan qaldırmaq üçün vacibdir.

Xatırladaq ki, "Visa" ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi 2021-ci ilin dekabr ayının sonunda anlaşma memorandumu imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti