Bakı. Trend:
2022-ci ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 803 milyon 736,4 min manat vergi daxil olub, proqnoza 149,3 faiz əməl edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 52,3 faiz və ya təxminən 2 milyard manata yaxın (1 milyard 993 milyon 93,7 min manat) artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 906 milyon 523,9 min manat olub, proqnoza 130,3 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 909,5 milyon manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 41,8 faiz və ya 1 milyard 152,5 milyon manat artıb.
Regionlar üzrə daxilolmalar 476,5 milyon manat olmaqla, proqnoz 114,0 faiz icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 22,4 faiz artıb.
Ödənilən vergilərin 67,3 faizi qeyri-neft-qaz sektorunun, 32,7 faizi isə neft-qaz sektorunun payına düşüb.