...

Bakıda İƏT ölkələrinin turizm nazirlərinin 11-ci sessiyası çərçivəsində konfrans keçirilir (FOTO) (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 28 İyun 2022 12:16 (UTC +04:00)
Bakıda İƏT ölkələrinin turizm nazirlərinin 11-ci sessiyası çərçivəsində konfrans keçirilir (FOTO) (ƏLAVƏ OLUNUB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin turizm nazirlərinin 11-ci sessiyası çərçivəsində konfransı öz işinə başlayıb.

Trend xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən tədbirdə İƏT ölkələrinin turizm nazirləri, turizm assosiasiyalarının rəhbərləri və digər rəsmilər iştirak edir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev görüşün pandemiyadan sonra İslam ölkələrinin turizm rəsmilərinin ilk görüşü olduğunu, konfransın üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm platforma kimi çıxış etdiyini bildirib.

Azərbaycanın İƏT-ə üzv olan dövlətlərlə qarşılıqlı turizm əlaqələrinin inkişaf etməkdə olduğunu, Azərbaycana İslam ölkələrindən gələn turistlərin say nisbətinin ümumi turistlərin 55%-ni təşkil etdiyini, təşkilata üzv ölkələrin əsas şəhərləri ilə Bakı arasında birbaşa uçuşların sayının artması və sadələşdirilmiş viza rejiminin mövcud olmasının bu rəqəmlərin daha da artmasına töhfə verəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Agentlik sədri Azərbaycanda turizm sənayesinin postpandemiya dövründə sürətlə bərpa olunmağa başladığını, artıq ilin ilk 5 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayının keçən illə müqayisədə 118 faiz artdığını qeyd edib.

Fuad Nağıyev Azərbaycanın azad edilmiş torpaqlarında işğal müddətində dini əhəmiyyətli tarixi abidələrin, irs nümunələrinin, məscid və türbələrin məhv edildiyi, dövlətimiz tərəfindən Qarabağın və işğaldan azad olunan digər ərazilərin bərpası istiqamətində irimiqyaslı işlərin görüldüyü haqqında məlumat verib.

O, işğal müddətində İƏT-in və üzv dövlətlərin ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyini vurğulayaraq dağıntıları, eləcə də azad edilən torpaqlarda aparılan yenidənqurma və bərpa işlərini müşahidə etmək üçün qonaqları Şuşaya dəvət edib.

Fuad Nağıyev konfransda qəbul ediləcək Bakı Bəyannaməsində turizm təhsili, ölkələrarası təcrübə mübadiləsi və əməkdaşlıq, həmçinin üzv dövlətlərin özəl sektorunun işğaldan azad olunan ərazilərdə sülhquruculuğu və yenidənqurma işlərinə cəlb olunması imkanlarını yüksək qiymətləndirdiyini bildirib.

Təşkilatın Baş katibi Hissein Brahim Taha konfransın yüksək təşkilatçılığı üçün Azərbaycan tərəfinə təşəkkür edərək, İƏT üzvləri arası turizm əlaqələrinin genişlənməsinin İslam həmrəyliyinə töhfə verdiyini qeyd edib.

Qeyd edək ki, “Turizmin İnkişafında Yerli İcmaların Rolu” mövzusunda keçirilən konfransda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələrlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunub, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti