Bakı. Trend:
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun Qarabağa xarici investor cəlbinə dəstək verəcək.
Bu barədə Trend-ə MÜSİAD Azərbaycandan daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, bunun üçün tərəflər arasında ortaq işçi komissiyasının yaradılması qərarlaşdırılıb.
Məlumata əsasən, ortaq işçi komissiyasının yaradılması haqda
razılıq bu gün MÜSİAD Azərbaycan və AZPROMO rəhbər heyətləri
arasında keçirilən görüş zamanı əldə edilib.
Qeyd olunur ki, yaradılacaq işçi qrupu tərəfindən birgə layihələr
müəyyənləşdiriləcək və onların icrası təqib ediləcək.
“Hər iki qurumun rəhbər komitələri olaraq, fəaliyyət planlarına nəzarət və icra etmək məqsədilə il ərzində vaxtaşırı nəticəyönümlü toplantılar keçiriləcək. Nəzərdə tutulan beynəlxalq sektoral iş adamlarının görüşləri üçün strategiya müəyyən edib birlikdə hərəkət ediləcək”, - deyə MÜSİAD Azərbaycanın məlumatında bildirilir.
Bütün bunlarla yanaşı, AZPROMO ticarəti inkişaf etdirmək üçün
MÜSİAD-ın yeni ölkə və regionların tədqiqi təcrübəsindən
faydalanacaq, oradakı filialları ilə əlaqə saxlayacaqdır.
Əldə edilən razılaşmaya əsasən, AZPROMO Azərbaycanda investisiya
imkanları, dəstək və təşviqlərlə bağlı kommersiya hesabatlarını
vaxtaşırı olaraq MÜSİAD Azərbaycan vasitəsilə dünyanın 81 ölkəsində
filialı olan MÜSİAD-la paylaşacaq.
Qeyd olunub ki, tərəflər bundan sonra da bir çox sahələri əhatə edən əməkdaşlıqlarını genişləndirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlb olunması üçün də birgə səy göstərəcəklər.
“MÜSİAD AZPROMO tərəfindən payızda Türkiyədə keçiriləcək roud-şouya dəstək verəcək. Azərbaycana investisiyaların cəlbi MÜSİAD Azərbaycan üçün əsas prioritet məsələlərdən biridir”, - deyə məlumatda bildirilir.