Bakı. Trend:
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 22-23 avqust 2022-ci il tarixlərində əczaçılıq sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfərini təşkil edib.
Palatadan Trend-ə bildirilib ki, iki gün davam edəcək proqramın ilk günü, 22 avqust tarixində, əczaçılıq sahəsində fəaliyyət göstərən 5 Almaniya və 10 Azərbaycan şirkəti AHK Azərbaycanın Konfrans Zalında "Azərbaycan üçün alman əczaçılıq məhsulları" üzrə təqdimat tədbirində bir araya gəlib. İştirak edən alman nümayəndələr tədbir iştirakçılarını alman şirkətlərinin fəaliyyəti, layihə və təkliflərinin tanıdılması, əməkdaşlıq imkanlarının müzakirəsi və regionda planlaşdırılan fəaliyyətləri ilə yaxından tanış edib.
Tədbirdə AHK Azərbaycanın İcraçı direktorunun müavini, cənab Fabian Zittlau və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirinin müavini cənab Heiko Schwarz rəsmi açılış nitqi ilə bütün iştirakçıları salamlayıb və iştirakçıları Azərbaycanda baş verən son hadisələr və mövcud bazar tendensiyaları haqqında məlumatlandırıb.
Açılış nitqinin ardınca, alman şirkətlərinin rəhbərləri
aşağıdakı mövzular üzrə qısa təqdimatla çıxış edib və iştirakçılara
praktiki məlumatlar verib: Beynəlxalq Əczaçılıq Təchizatında B2B
Həllər, Onlayn Aptek Necə Qurulmalı (Əsas Müvəffəqiyyət Faktorları
və Maneələr), Biznesiniz üçün Ağıllı Saxlama və Yerləşdirmə
Həlləri, Avtomatlaşdırma – İstehsalat – İntralogistika, Əczaçılıq
Sənayesi və Topdansatış üçün Logistik Məsləhətçilik.
Tədbir müzakirələr və şəbəkədaxili danışıqlar şəraitində
yekunlaşıb.
İşgüzar səfərin ikinci günü, 23 avqust tarixində, nümayəndə heyəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyiylə, eləcə də ölkənin müxtəlif qurumları və şirkətləriylə görüşlər keçirəcək və öz həll yollarını təqdim edəcək.