Bakı. Trend:
BMT iqtisadiyyatın “yaşıl” transformasiyasında Azərbaycana dəstəyini davam etdirəcək.
Trend-in məlumatına görə, bunu çərşənbə günü BMT-nin daimi rezident əlaqələndiricisinin müavini Kanako Mabuçi "Azərbaycan: yaşıl inkişaf yolunda" adlı hesabatın təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq “yaşıl” iqtisadiyyatın inkişafında mühüm irəliləyiş əldə edib.
"Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmaq məqsədini açıqlayıb. Ölkə, həmçinin, 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı öhdəsinə götürüb. "Azərbaycan: Yaşıl İnkişafa doğru" hesabatında "təmiz artım"a doğru yolunda sürətləndirilmiş fəaliyyətə çağırış edilir", - deyə Mabuçi bildirib.
O vurğulayıb ki, BMT Paris sazişi üzrə öhdəliklərini yerinə yetirməkdə Azərbaycana dəstək verməyə hazırdır:
"BMT-nin ölkədəki nümayəndə heyəti adından Azərbaycanın bu istiqamətdə atdığı addımları dəstəklədiyimi bildirirəm. Biz güclü tərəfdaşlığımızı davam etdirəcək və Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olunması prosesini sürətləndirəcəyik. Biz öhdəliklərimizə sadiq qalırıq".