...

Türkiyə-Azərbaycan-Türkmənistan Zirvə Görüşü - Üç ölkə qlobal enerji mərkəzi rolunda (TƏHLİL)

İqtisadiyyat Materials 14 Dekabr 2022 10:14 (UTC +04:00)
Türkiyə-Azərbaycan-Türkmənistan Zirvə Görüşü - Üç ölkə qlobal enerji mərkəzi rolunda (TƏHLİL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Türkmənistanın Avaza şəhərində Türkiyə-Azərbaycan-Türkmənistan Zirvə görüşü keçiriləcək. Görüş çərçivəsində üç ölkə arasında, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində addımların müzakirəsi planlaşdırılır.

Son illər türk dövlətləri arasında iqtisadi strateji münasibətlərin dərinləşməsi fonunda ölkələr arasında iki və üç tərəfli formatda əlaqələr genişlənir.

Keçirləcək olan bu görüş Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf etdirilməsində önəmli rol oynayacaq.

Nəqliyyat və tranzit potensialının bütövlükdə reallaşdırılması hər üç ölkə üçün xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan və Türkmənistanın enerji ehtiyatları baxımından zənginliyi Türkiyə ilə birləşərək, hər üç ölkəni qlobal enerji mərkəzinə daşıyacaq.

Enerji, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.

Türkmənistan isə öz növbəsində kifayət qədər böyük qaz ehtiyatlarına sahibdir və bu qaz ehtiyatlarının bir qisminin Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə bazarına çıxarılması mümkündür.

Ekspertlərin fikrincə, bu gün keçiriləcək görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri də Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkəsinə ixrac edilməsi olacaq.

Şanxay Universitetinin Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan Yeniacunun fikrincə, Türkiyə-Azərbaycan-Türkmənistan yeni bir enerji dəhlizinin mühüm tərəfləri olacaq.

O, Türkiyə-Azərbaycan -Türkmənistan zirvə görüşünü Trend-ə şərh edərkən bildirib ki, Türkiyə-Azərbaycan -Türkmənistan arasında baş tutacaq görüş Xəzər hövzəsindən karbohidrogen, neft və təbii qazın Avropaya nəql edilməsi cəhətdən önəmlidir.

"Türkmənistan qazının Azərbaycan qazı ilə birləşib Türkiyə üzərindən Avropaya çatdırılması çox vacibdir. Bu çərçivədə keçiriləcək görüşdə atılacaq addımlara Avropanın da ciddi dəstəyi olacaq. Avropanın neft, təbii qaz tələbinin qarşılanması üçün bu üç ölkənin görüşmələri çox önəmlidir. 2022-ci ilin son günlərində çox məhsuldar qərarlar alınacağını düşünürəm", - deyə o əlavə edib.

Bundan əlavə dünyada baş verən enerji böhranı fonunda 21 yanvar 2021-ci ildə Aşqabadda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi və mənimsənilməsi üzrə Anlaşma Memorandumu” hər iki ölkə üçün bu sahədə yeni fürsətlər yaradacaq.

Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizinin gücləndirilməsinə də töhfə verəcək.

Həmçinin qeyd etmək lazımdır ki, işğaldan azad edilən ərazilərimizdə nəqliyyat infrastrukturunun bərpası, eyni zamanda Zəngəzur dəhlizinin açılması Şərq-Qərb marşrutu üzrə Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında nəqliyyat sisteminin şaxələndirilməsi istiqamətində də yeni imkanlar yaradacaq.

Ümumilikdə bu zirvə görüşü Azərbaycan-Türkiyə -Türkmənistan arasında ticarət, enerji, nəqliyyat sahələrində yeni addımların atılmasına şərait yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti