Bakı. Trend:
Dünyada cərəyan edən siyasi proseslər, yüksək inflyasiya templəri, yanacaq bazarında müşahidə olunan qiymət artımı aviabiletlərin dəyərinin formalaşmasına birbaşa təsir edən amillərdir. Əksər aviaşirkətlər kimi AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur.
Trend xəbər verir ki, AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev aviaşirkətin qiymət siyasətinə də toxunub və görülən işlərdən danışıb.
Onun sözlərinə görə təkcə 2022-ci ildə yanacağa olan qiymət beynəlxalq birjalarda 4 dəfəyə yaxın bahalaşıb. “Bütün bunlara baxmayaraq, AZAL tərəfindən sözügedən məqamların alıcıya təsirsiz ötüşməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Sadəcə bu proseslər mərhələli şəkildə təşkil olunduğundan, nəticənin əldə edilməsi üçün də zaman tələb olunur”- deyə Samir Rzayev bildirib.
AZAL xarici hava limanlarında ən uyğun vaxtları və ən yaxın eniş terminallarını özündə birləşdirən slotlar alır. Həmçinin, aviaşirkət tərəfindən mütəmadi olaraq müxtəlif stimullaşdırıcı aksiyalar keçirilir, sərnişinlərə daha sərfəli qiymətlərlə daimi istiqamətlərdə səyahət etmək imkanı yaradırılır. Bundan başqa, aviaşirkətin qəbul etdiyi Strateji İnkişaf Planı da sərnişinlərin rahatlığının və səmərəliliyinin təmin olunmasına hesablanıb.