Bakı. Trend:
Mərkəzi Bank ölkədə ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsi məqsədilə banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərinin davamlı inkişafını və bu istiqamətdə beynəlxalq təşkilatlarla formalaşmış effektiv əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bu xüsusda ölkəmizdə səfərdə olan SWIFT təşkilatının nümayəndə heyəti Mərkəzi Bankda olmuş, ölkəmizdə fəaliyyət göstərən kommersiya banklarının və müvafiq maliyyə qurumlarının aidiyyəti nümayəndələrindən ibarət SWIFT İstifadəçilər Qrupu ilə birgə görüş keçirilib.
Görüş zamanı ölkənin milli ödəniş infrastrukturunun cari vəziyyəti, ISO20022 beynəlxalq standartına keçid üzrə görülmüş işlər və ödəniş xidmətlərinin inkişaf perspektivləri, SWIFT təşkilatı tərəfindən reallaşdırılan hazırki və gələcək fəaliyyət proqramları, o cümlədən SWIFT-in komplayens həllərinin əsas xüsusiyyətləri, müştəri təhlükəsizliyi proqramının məqsəd və prinsipləri müzakirə olunub. Görüşdə SWIFT təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində ölkədə innovativ ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin etibarlı, davamlı və təhlükəsiz ödəniş həllərinin təqdim edilməsi istiqamətində praktiki diskusiyalar aparılıb.
Bildirilib ki, ölkədə rəqabətli, innovativ və əlçatan maliyyə xidmətlərinin formalaşdırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin daim inkişaf etdirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin effektiv icrası diqqət mərkəzində saxlanılacaq.