...

Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməyi qarşısına hədəf qoyub - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 26 May 2023 19:27 (UTC +04:00)
Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməyi qarşısına hədəf qoyub - Mikayıl Cabbarov

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

Trend xəbər verir ki, nazir Mikayıl Cabbarovun BƏƏ-yə səfəri çərçivəsində bir sıra görüşlər keçirilib. SOCAR prezidenti Rövşən Nəcəfin də iştirak etdiyi görüşlərdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) baş icraçı direktoru və “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberlə görüşdə iqtisadiyyat naziri ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verib. Bildirilib ki, alternativ enerji mənbələrinin yaradılması istiqamətində ölkəmizin potensialı böyükdür və Azərbaycan bu sahədə “Masdar” şirkəti ilə uğurlu əməkdaşlıq edir. Enerji istehsalının bərpaolunan mənbələr hesabına şaxələndirilməsinin əsas hədəflərdən olduğu, şirkətlə əməkdaşlığın dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərimizin reallaşdırılmasına töhfə verəcəyi qeyd edilib.

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətlər qrupunun baş icraçı direktoru, “Masdar” şirkətinin sədri Sultan Əl Caber rəhbərlik etdiyi şirkətin fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Həmçinin ölkəmizin əlverişli coğrafi mövqeyinin, təbii potensialının və inkişaf etmiş infrastruktura malik olmasının “Masdar” şirkəti ilə əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.

Görüşdə ölkələrimiz arasında uğurlu iqtisadi əlaqələr, neft-qaz hasilatı (upstream) və neft-kimya üzrə layihələr (downstream), həmçinin karbohidrogen resurslarının nəqli (midstream) və “yaşıl” enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində “Sustainable Water Solutions” Holdinqinin sədri Əhməd Əl Şəmsi ilə keçirilən görüşdə yeni iqtisadi çağırışlar şəraitində resurslardan səmərəli istifadənin əhəmiyyəti, Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində ölkəmizlə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti