Bakı. Trend:
Pul nişanları yeni qaydada dəyişdiriləcək.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Pul nişanının hissələrinin eyni əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir.
Layihəyə görə, bütöv bir hissədən və ya eyni kağız pul nişanına
məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan
hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam
saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən
ödəniləcək. Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan
hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və
üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının
nominal dəyəri Mərkəzi Bank tərəfindən ödəniləcək. Bütöv səthinin
üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə
imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal
pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödəniləcək.
Təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin
pul nişanı dəyişdirilməyəcək və onun nominal dəyəri ödənilməyəcək.
Saxta pul nişanı geri qaytarılmır və qanunvericiliklə müəyyən
edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına
(qurumuna) göndəriləcək.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.