Bakı. Trend:
Mərkəzi Bankın digər sığorta sinifləri və növləri üzrə də “şikayət indeksi”ni hazırlamasının faydalı olacağını təklif edirik.
Trend-in məlumatına görə, bu barədə bu gün Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Sığorta mübahisələrinin uğurlu həlli yolu” adlı elmi-praktik konfransda deyib.
“Bankın yeni rəhbərliyinin təşəbbüskarlığı və ictimai rəyə, ekspert çağırışlarına həssaslığı bu sahədə müsbət dəyişikliklərə böyük inam yaradır. Belə olan halda sığorta alan indekslər üzrə şirkətlərin xidmətlərini dəyərləndirmək şansını əldə edə bilər. Ekspertlər qeyd edir ki, vətəndaşlar sığorta şirkətlərini seçəndə bu meyarlara əsaslanacaq, hansı sığorta şirkətindən narazılığın olub-olmadığını təyin edəcəklər. Sığorta şirkətləri bu indeksi analiz edəcək və vətəndaşların sorğularına kifayət qədər həssas yanaşmağa çalışacaqlar. Lakin sığorta şirkətləri görsələr ki, indeks işləmir, obyektiv deyil, təhrif olunur, o zaman bu, o qədər də effektiv olmayacaq. Əks halda, şirkətlər daim məsuliyyət hiss edəcəklər ki, müştəriləri itirməsin deyə, indeksdə reytinqlərini qorusunlar”,- deyə o qeyd edib.
Z.Oruc həmçinin bildirib ki, zərərlərin ödənməsində gecikmə, sığorta ödənişləri məbləğinin vətəndaşları qane etməməsi kimi məsələlərin həllinə indekslərin tərtibi müsbət təsir edə bilər.