...

Azərbaycanın nəqliyyat-logistika potensialına dəstək AYİB-in əsas prioritetlərindən biri olaraq qalacaq - Bankın birinci vitse-prezidenti (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 8 Sentyabr 2023 18:00 (UTC +04:00)
Azərbaycanın nəqliyyat-logistika potensialına dəstək AYİB-in əsas prioritetlərindən biri olaraq qalacaq - Bankın birinci vitse-prezidenti (ÖZƏL MÜSAHİBƏ)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın çoxdankı tərəfdaşıdır. Bankın ölkənin dövlət və özəl sektorları ilə möhkəm əlaqələrinin qurulmasının üzərindən artıq otuz ildən çox vaxt keçib, lakin fikrimizcə, bu hələ yolun başlanğıcıdır.

Bu barədə Trend-ə özəl müsahibəsində AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink deyib.

Bakıya səfər AYİB-Azərbaycan tərəfdaşlığının genişlənməsində mühüm addımdır

Yenidən Azərbaycana qayıtdığım üçün şadam, buraya sonuncu dəfə pandemiyadan bir qədər əvvəl gəlmişdim. Bakının əvvəlki ritminə geri döndüyünü görmək çox gözəldir.

"Şahdəniz-2", Trans-Anadolu qaz boru kəməri (TANAP), Trans-Adriatik boru kəmərinə (TAP) 1,7 milyard avro investisiya qoymaqla Cənub Qaz Dəhlizi üzrə tarixi əməkdaşlığa başladığımızdan sonra ölkə uzun yol qət edib.

Ölkə iqtisadiyyatı bir çox çağırışların öhdəsindən gəlib və daha dayanıqlı olub. Hazırda Azərbaycanın Paris razılaşması üzrə öhdəlikləri ilə möhkəmlənən iddialı dekarbonizasiya proqramı mövcuddur. Həmçinin ölkənin 2030-cu ilədək perspektivlərində bazar islahatları, biznes üçün əlverişli idarəetmə və ticarətin liberallaşmasının üstünlük daşıdığını müşahidə edirik.

İndi isə bu suala qayıdaq: yenilənmiş prioritetlərimizin əldə edilməsinə necə kömək edə bilərik?

Bu ilin əvvəlində Davosda görüşümüzdən sonra Prezident İlham Əliyevlə yenidən möhtəşəm görüş keçirməyimizə şad oldum. Ölkədə və ölkə hüdudlarında AYİB-in fəaliyyətinin sürətləndirilməsini müzakirə etdik və Prezident İlham Əliyevə və onun administrasiyasına yaradılan imkana görə minnətdarlığımı bildirmək istərdimə

Həmçinin bir sıra mühüm hökumət naziri və maraqlı tərəflərlə sahə üzrə müzakirələr apardıq və özəl sektordan bir sıra müştərilərimizlə gələcək əməkdaşlığı müzakirə etmək imkanına sahib olduq.

Bu görüşlərin məğzi və gördüyümüz isti münasibət Azərbaycanla tərəfdaşlığımızın yaxın illərdə mühüm dərəcədə genişlənəcəyinə dair ümid verir.

AYİB-in Azərbaycanda dekarbonizasiya proqramında rolu

Azərbaycanda dekarbonizasiya proqramında həm "yaşıl" enerjinin daxili istehsalı, həm də ixracı baxımından fəal rol oynayırıq. Dəstəyimiz əlavə siyasi dialoq və texniki dəstəklə birgə mühüm dərəcədə investisiyalara yönəlib.

İnvestisiyalara gəlincə, ötən il tarixi əhəmiyyət kəsb etdi. Belə ki, Qaradağda ilk özəl günəş elektrik stansiyasının tikintisinə yardım etdik. Əminəm ki, bu layihə Azərbaycanda bankımız tərəfindən dəstəklənən bu tip bir çox gələcək layihədən biri olacaq.

Komandalarımız Azərbaycanın Energetika Nazirliyi ilə birgə bərpa olunan enerji mənbələri üzrə hərrac sxemləri üzərində çalışır və ilk bu cür hərracın artıq bu ilin sonu üçün keçiriləcəyini gözləyirik.

Eyni zamanda azərbaycanlı tərəfdaşlarımızla aşağı karbonlu hidrogen istehsalının perspektivlərinin qiymətləndirilməsi üzərində çalışırıq. Tədqiqatımız göstərib ki, ölkə aşağı karbonlu hidrogeni beynəlxalq səviyyədə rəqabətqabiliyyətli qiymətlə istehsal etməyə tam qadirdir.

Bu tədbirlər bütün ölkə ərazisində elektrik şəbəkəsi təsərrüfatının yaxşılaşdırılması üzrə birgə səylərimizlə yaxşı başlanğıc təmin edir, lakin ölkənin ekoloji iddialarını həyata keçirmək üçün görülməli bir neçə mühüm addım var.

Azərbaycan prioritet diqqəti müvafiq beynəlxalq normalara uyğunlaşdırılmış dayanıqlı inkişaf qanunları və çərçivələrinə yetirməklə milli hidrogen strategiyası hazırlamalıdır. Bundan başqa ölkə enerji sistemini daha da möhkəmləndirməlidir.

Mövcud qaz kəmərlərinə qoyulan investisiyaların yenidən yönəldilməsi kimi potensial əhəmiyyət kəsb edən layihələrdən və Qara dəniz sualtı kabel layihəsi kimi iddialı layihələrin texniki-iqtisadi əsaslandırma nəticələrindən çox şey asılı olacaq.

Bu hadisələri böyük maraqla izləyirik və Azərbaycanın daha ekoloji və dayanıqlı gələcəyə doğru səylərinə gələcəkdə də dəstək verməyə hazırıq.

AYİB Orta Dəhlizin potensialının inkişafını dəstəkləməyə can atır

Yaxın zamana qədər Çinlə Avropa İttifaqı arasında yük daşımalarının 95 faizə qədəri Şimal dəhlizi ilə həyata keçirilirdi. Lakin Ukraynadakı müharibə bu marşrutdan kənara diversifikasiyaya güclü zərurətin olduğunu hamıya göstərdi.

Beynəlxalq yükdaşıyanların getdikcə daha çox alternativ axtardıqlarını görürük ki, bu da Orta dəhlizə marağın artmasına səbəb olur.

Hadisələrin bu cür inkişafı Qafqaz və Mərkəzi Asiya üçün yeni ticari imkanlar açmaqla Çinlə Avropa arasında dəmir yolu ilə yük daşımalarını asanlaşdırır və onlardan fayda əldə olunmasını təmin edir.

Marşrutun potensialını maksimum istifadə etmək üçün Azərbaycanı və bu marşrutdakı digər ölkələri dəstəkləyirik. Bunu etməyin yollarından biri isə bu ölkələrdə logistika və nəqliyyat qovşaqlaına investisiyalardır.

Mərkəzi Asiyanın Qafqazla birləşməsində iştirak edən özəl və ya suveren müştərilərimizi fəal şəkildə dəstəkləyirik. Bu yaxınlda Bakı yaxınlığında yerləşən anbara investisiya qoyduq, Qazaxıstanda dəmir yolunun modernləşdirilməsini maliyyələşdirdik və Gürcüstanda limanların idarə olunması sistemini yaxşılaşdırmağa kömək etmək məqsədilə ölkənin Dəniz Agentliyi ilə əməkdaşlıq etdik. Bunlar AYİB-in Orta dəhlizin imkanlarını yaxşılaşdırmaq üçün həyata keçirdiyi bir neçə layihədən bəziləridir.

Gələcəkdə Azərbaycanın nəqliyyat-logistika potensialına dəstəyimiz ölkədə əsas prioritetlərimizdən biri olaraq qalacaq.

AYİB texniki və peşə təhsili sahəsində dövlət-özəl əməkdaşlığını başladır

Dünənki tədbir dövlət və özəl sektor arasında əməkdaşlığın sübutu oldu.

"Avrora Group" bizim etibarlı tərəfdaşımız olmaqla ölkənin qida sənayesində liderdir. Biz şirkətə bu sektorundakı bacarıqlarda boşluqların aşkarlanmasında dəstək göstərdik və gənc tələbələrin müvafiq bacarıqlara yiyələnməsi üzrə birgə proqram hazırladıq. Bizim dəstəyimizlə "Avrora Group" artıq Azərbaycanın Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə yeni texniki və peşə təlimi üzrə pilot layihədə əməkdaşlıq edəcək.

Tərəflər həmçinin daha geniş sahədə ixtisaslaşmış kadr çatışmazlığı probleminin həllinə inklüziv və gender aspektlərini nəzərə alan formada yardım etmək məqsədilə anlaşma memodandumu imzalayaraq səylərini birləşdiriblər.

İqtisadiyyat üçün faydaları ilə yanaşı bu cür layihələr bütünlükdə real təsir göstərərək hamı üçün yeni iqtisadi imkanlar açır. Əminəm ki, bu, Azərbaycanda bir çox uğurlu dövlət-özəl tərəfdaşlığından biridir.

AYİB-in "Yaşıl şəhərlər" layihəsi Gəncədə inkişaf edir

AYİB-in "Yaşıl şəhərlər" proqramı getdikcə daha çox şəhərləri cəlb edir. Hazırda 50-dən çox şəhər özünün infrastruktur və ekoloji problemlərinin dayanıqlı həlli üçün proqramda iştirak edir.

Gəncə Azərbaycanda proqrama qoşulmuş hələ ki yeganə şəhərdir. Biz burada iki layihə imzalamışıq.

Birinci layihə şəhərdə bərk məişət tullantılarının idarə olunmasına, ətraf mühitin vəziyyətinin və ictimai səhiyyənin yaxşılaşdırılmasına yönəlib. İkinci layihə isə şəhərdə küçə işıqlandırılmasının müasirləşdirilməsinə yönəlib ki, bu da enerjiyə mühüm dərəcədə qənaətə və yol hərəkəti təhlükəsizliyinin artmasına səbəb olacaq.

Azərbaycanın ikinci ən böyük şəhərində 300 mindən çox sakin üçün şəhər mühitini yaxşılaşdırmağımızla qürur duyuruq, lakin bizə daha çox şəhər qoşulsa idi şad olardıq.

Müvafiq hökumət orqanları bununla bağlı müraciət etsələr, Azərbaycanın digər bölgələrində də investisiya imkanlarını dəyərləndirməyə şad olarıq.

AYİB-in Azərbaycan banklarına və kiçik və orta biznesə (KOB) dəstəyi

Bugünədək investisiyaların böyük hissəsini özəl sektora yatırmışıq. Bu istiqamətdə daha çoxunu etmək və mümkün olduqda yerli valyutada kreditlər ayırmaq üçün fəal şəkildə çalışırıq.

Hazırda əsas prioritetlərimizdən biri özəl sektorun inkişaf üçün maliyyə vəsaitlərinə çıxış imkanının yaxşılaşdırılması məqsədilə yerli maliyyə institutlarının möhkəmləndirilməsindən ibarətdir. Bu səylər çərçivəsində 2023-cü ildə və sonrakı dövrdə tərəfdaş banklarımızın sayını artırmaq istiqamətində fəal şəkildə çalışırıq.

Bundan başqa, regional səviyyədə maliyyə bazarlarının inkişafına dəstək üzərində çalışır və eyni zamanda ticari maliyyələşdirmədə iştirakımızı genişləndiririk.

Həmçinin mikro, kiçik və orta sahibkarların kreditləşdirilməsinin həcmini artırmağın və KOB-un rəqabət qabiliyyətini, ekoloji maliyyələşdirməni, qadınların rəhbərlik etdiyi müəssisələri və gənclərin əmək məşğulluğu imkanlarını dəstəkləməyin yollarını axtarırıq.

İmkanlar olduqca çoxdur, lakin irəlidə görüləsi çox işlərimiz var. Bakıdakı komandamız bizi uğurlarımız barədə məlumatlandıracaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti