...

Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsindəki müzakirələrə qatılıb (YENİLƏNİB)

İqtisadiyyat Materials 12 Oktyabr 2023 14:21 (UTC +04:00)
Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsindəki müzakirələrə qatılıb (YENİLƏNİB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” 6-cı Beynəlxalq Forumunda iştirak edib.

Trend xəbər verir ki, nazir Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın da qatıldığı sessiyada turbulentlik dövründə qlobal neft -qaz bazarı və Azərbaycanın qaz təchizatında prioritetləri ilə bağlı fikirlərini bölüşüb.

Qlobal enerji arxitekturasının yenidən dizayn olunduğu müasir reallıqlarda diversifikasiyanın əhəmiyyətinin artdığını vurğulayan nazir deyib ki, şaxələndirmə istehlakçı ölkələr üçün mənbələrin, enerji ölkələri üçünsə marşrutların, bazarların müxtəlifliyidir.
Energetika naziri ölkəmizdə bütün növ enerji resurslarının işlənilməsi və müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılmasının hər zaman paralel həyata keçirildiyini, nəticədə Azərbaycan qazının regional və Avropa bazarlarına tədarük olunduğunu qeyd edib: “Azərbaycan qazı hazırda 7 ölkəyə nəql edilir. Cənub Qaz Dəhlizinin genişlənməsi, Həmrəylik Halqası və digər təşəbbüslər təchizat coğrafiyasının genişləndirilməsi perspektivi yaradır. Burada əlaqələndirilmiş fəaliyyətə və geniş əməkdaşlığa ehtiyac var.”
Türkiyənin uzun illər Azərbaycan qazının ən böyük bazarı olduğu və yeni bazarlara doğru planlarda da ölkəmizin vacib tərəfdaşı olduğu qeyd edilib.
Nazir, həmçinin neft-qaza mövcud münasibəti enerji təhlükəsiziliyi ilə yanaşı, ətraf mühit üçün də problemlərə yol açan, enerji bazarlarında qeyri-sabitliyi artıran yanaşma kimi dəyərləndirib. “Neft-qazdan tamamilə imtina 85%-i karbohidrogenlərdən, 55%-i neft-qazdan ibarət mövcud enerji sisteminin az bir vaxtda transformasiyasının və enerji trilemmasının həlli deyil. Enerji təhlükəsizliyi, iqtisadi əlçatanlıq və ekoloji davamlılıq nəzərə alındıqda enerji keçidi kifayət qədər uzun bir prosesdir. Balanslaşdırılmış enerji sisteminə nail olmaq üçün neft və qaz sahəsinə investisiyaların davam etdirilməsi zərurəti şübhə altına alınmamalı, paralel olaraq bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməlidir. Məhz özünün və tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmiş ölkələr düzgün, rasional enerji keçidi siyasət həyata keçirə bilirlər”, deyə nazir əlavə edib.

xxx

14:14

Energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində keçirilmiş müzakirələrdə çıxış edib.

Trend xəbər verir ki, bu barədə nazir "X" (tvitter) sosial şəbəkə hesabında bildirib.

"Rusiya Enerji Həftəsi"ndə neft-qaz sektorunda turbulentliklərindən, Azərbaycanın qaz tədarükü bazarlarının şaxələndirilməsindən, balanslaşdırılmış enerji sistemində neft-qaz və "yaşıl enerji"nin birgə rolundan danışdıq", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti