Bakı. Trend:
Ötən İran ilində (21 mart 2023 -19 mart 2024) İranın şimalında yerləşən Gilan vilayətinin Astara sərhəd terminalı üzərindən məhsul tranziti öncəki illə (21 mart 2022 -20 mart 2023) müqayisədə 29% artıb.
Trend-in məlumatına görə, bunu İranın Astara sərhəd terminalının müdiri Murtaza Əzimi deyib.
M.Əziminin sözlərinə görə, ötən İran ilində Astara sərhəd terminalı üzərindən təxminən 2,3 milyon ton məhsul tranzit olunub. Məhsullar 135 mindən çox yük maşını ilə tranzit edilib.
Əzimi əlavə edib ki, öncəki ildə Astara sərhəd terminalı üzərindən təxminən 1,76 milyon ton məhsul 120 mindən çox yük maşını ilə tranzit olunub.
Terminal rəsmisi bildirib ki, ötən il Astara sərhəd terminalı üzərindən əsasən un, buğda və kartof tranzit olunub.
Onun sözlərinə görə, ötən il İranın Astara terminalı vasitəsi ilə 1,2 milyon ton məhsul ixrac olunub. İxrac edilən məhsullar, əsasən, meyvə və tərəvəz, keramika, müxtəlif növ dənli bitkilər və sairə olub.
“Astarada yeni sərhəd terminalının istifadəyə verilməsi tranzitin artması ilə nəticələnib. Üstəlik, yeni sərhəd terminalı Astara şəhərində avtomobil sıxlığı məsələsini böyük ölçüdə həll edib”, - deyə o qeyd edib.
Qeyd edək ki, 30 dekabr 2023-də Azərbaycan və İran arasında Astaraçay üzərində yeni avtomobil körpüsü istifadəyə verilib. Yeni körpünün tikintisinə 5,8 milyon avro vəsaitin xərcləndiyi bildirilir. Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpünün təməli 25 yanvar 2022-ci ildə qoyulub. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metrdir.
Xatırladaq ki, ötən İran ilində İran üzərindən məhsul tranziti 17,8 milyon ton təşkil edib. İran üzərindən məhsul tranziti öncəki illə müqayisədə 36,5% artıb.