Leypsiq. Trend:
ABŞ infrastrukturun inkişafına 1,2 trilyon dollar investisiya qoyur və bunun mühüm hissəsi dayanıqlı nəqliyyatın inkişafına yönəlib.
Trend xəbər verir ki, ABŞ nəqliyyat nazirinin müavini Polli Trottenberq Almaniyanın Leypsiq şəhərində keçirilən "Nəqliyyatın ekologiyalaşdırılması: Böhran şəraitində fokusun saxlanması" mövzusunda illik sammitdə çıxışında deyib.
"ABŞ infrastrukturun inkişafına 1,2 trilyon dollar investisiya qoyur, bu vəsaitin mühüm hissəsi dayanıqlı nəqliyyatın inkişafına yönəlib. Biz ABŞ-nin ənənəvi olaraq mühüm vəsait yatırmadığı, demək olar ki, Avropa və Asiya səviyyəsində investisiya qoyduğu tranzit və dəmir yolu nəqliyyatına misli görünməmiş investisiyalara diqqət yetiririk. Biz elektrik avtomobilləri üçün şarj stansiyalarının milli şəbəkəsini qururuq. Həmçinin torpaqdan istifadə və nəqliyyat proseslərimizin dekarbonizasiyası məsələlərini həll edirik",- deyə o qeyd edib.
P.Trottenberqin sözlərinə görə, bu çox kompleks yanaşmadır. ABŞ ştatların hökumət orqanları və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edir, eləcə də özəl sektorda çox sayda innovasiyalar tətbiq edir. ABŞ üçün bu, nəqliyyat siyasətinin həqiqətən əsaslı şəkildə dəyişməsi deməkdir.
"Artıq üç ildir ki, biz infrastruktur haqqında ikipartiyalı qanun layihəsi qəbul edirik və artıq müəyyən nəticələr görməyə başlayırıq. Bu vəsaitin amerikalıların nəqliyyat təcrübəsini həqiqətən dəyişəcəyini ölkəmizə və siyasi sistemimizə sübut etmək imkanını səbirsizliklə gözləyirik", - deyə o sonda deyib.
Qeyd edək ki, Beynəlxalq Nəqliyyat Forumunun illik sammiti dünyanın nəqliyyat nazirlərinin ən böyük toplantısı və qlobal nəqliyyat siyasəti sahəsində əsas hadisədir. Builki sammit mayın 22-dən 24-dək Litvanın sədrliyi ilə Leypsiqdə keçirilir. Sammitin birinci və ikinci vitse-prezidentləri qismində müvafiq olaraq Çili və Azərbaycan çıxış edir.
2024-cü il sammitində ekoloji dayanıqlığın əldə edilməsində nəqliyyat sektorunun rolunun araşdırılması və bu kontekstdə iqlim, sağlamlıq və geosiyasi böhranların təsirinin qiymətləndirilməsi planlaşdırılır. Qlobal CO2 emissiyalarının 30 faizi nəqliyyatın payına düşür və ekstremal hava hadisələrinə səbəb olan iqlim dəyişikliyi ilə karbon emissiyalarının azaldılması zərurəti əsas prioritetdir.
(Tərcümə: Rəna Əbdürəhmanova)