Bakı. Trend:
Bolqarıstan Orta Dəhlizin inkişafında iştirakını təklif edir.
Trend xəbər verir ki, bu barədə Bolqarıstanın ULogistics Ltd. şirkətinin ticarət üzrə nümayəndəsi Vitaliy Stoyev bildirib.
Onun sözlərinə görə, Bolqarıstanın coğrafi mövqeyi ona unikal və aydın üstünlüklər təqdim edir.
"Bolqarıstan 2 strateji dəniz limanına çıxışa malikdir və eyni zamanda, 5 ölkə ilə həmsərhəddir: Rumıniya, Serbiya, Türkiyə, Şimali Makedoniya və Yunanıstan. Bu, ölkəyə müxtəlif regionları birləşdirən vacib nəqliyyat düyünü olmağa imkan tanıyır.
Bundan əlavə, Bolqarıstanın inkişaf etmiş infrastrukturu onu dəhlizin cəlbedici iştirakçısına çevirir. Orta Dəhlizin perspektivlərinə gəldikdə, onun əhəmiyyəti və tələbatı danılmazdır. Bu marşrut, Çindən Avropaya mövcud ticarət yollarına alternativ olaraq yaranır. Bolqarıstan bu layihədə iştirak edərək nə əldə edəcək? Bolqarıstan və Orta Dəhlizin bütün iştirakçıları və istifadəçiləri üçün açıq iqtisadi faydalardan əlavə, Bolqarıstan infrastrukturun inkişafına lazım olan investisiyaları cəlb edə biləcək, bu da Orta Dəhlizin sabitliyini və çevikliyini artıracaq", - o qeyd edib.
Onun sözlərinə görə, dəhlizin çevikliyi, qısa müddətdə müxtəlif ölkələrdən olan istehlakçıların ehtiyaclarına və logistika çağırışlarına uyğunlaşmağa imkan verəcək. Bu da onu gələcəkdə perspektivli və tələb olunan edir.
“Bolqarıstanın Orta Dəhlizin inkişafında iştirakı, marşrutun məqsədlərdən və logistika tapşırıqlarından asılı olaraq müxtəlif ölkələrdən keçməsinə çevik imkanlar yaradacaq. Bu, onun aktuallığını və strateji əhəmiyyətini artıracaq”, - o bildirib.
V.Stoyev vurğulayıb ki, ULogistics Ltd. şirkəti təkliflərə açıqdır və layihənin həyata keçirilməsində fəal iştirak etməyə hazırdır.
“Biz əməkdaşlıqda böyük perspektivlər görürük və bu marşrutda Bolqarıstanın əsas düyünlərdən biri kimi rolunu gücləndirmək üçün nəqliyyat infrastrukturunun inkişafına öz töhfəmizi verməyə hazırıq”, - V.Stoyev əlavə edib.
Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çinin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir.
Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.
Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artmasına imkan verir.
Bu dəhlizlə hərəkət edən marşrut qatarı Çindən Avropaya malları orta hesabla 20-25 günə çatdırır və bu, bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.