...

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 25 Sentyabr 2024 16:58 (UTC +04:00)
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda azərbaycan-Slovakiya biznes forumu keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov və Slovakiya iqtisadiyyat nazirinin müavini Kamil Şaşko çıxış ediblər.

Forumda, həmçinin, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, Slovakiyanın İnvestisiya və Ticarət Agentliyinin (SARIO) baş direktorunun müavini, beynəlxalq ticarət departamentinin direktoru Egon Zorad iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov qeyd edib ki, Slovakiya şirkətləri Azərbaycanın Ağdam rayonundakı "ağıllı kənd" layihəsində iştirak edirlər və onların işğaldan azad edilmiş ərazilərdə digər layihələrə də cəlb olunması üçün perspektivləri var.

"Digər xarici şirkətlərlə yanaşı, Slovakiya şirkətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasında iştirak edirlər.

Slovakiya şirkətləri tərəfindən Ağdam rayonundakı Baş Qərvənd kəndində uğurla həyata keçirilən "ağıllı kənd" layihəsi ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişləndirilə biləcəyini göstərir", - o deyib.

Öz növbəsində, Slovakiya iqtisadiyyat nazirinin müavini Kamil Şaşko bildirib ki, Slovakiya ilə Azərbaycan arasındakı münasibətlər yalnız neft-qaz sahəsində deyil, eyni zamanda, qeyri-neft sahəsində də sürətlə inkişaf edəcək.

K.Şaşko perspektivli sahələr arasında əczaçılıq, aqrosektor, qida məhsullarının tədarükü, innovativ texnologiyalar və İKT-ni qeyd edib.

"O gün Bakıda Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovla müvafiq danışıqlar apardıq. Bu gün B2B görüşlərində biznes səviyyəsində məsləhətləşmələr keçiriləcək. Bütün əməkdaşlıq sahələrində uğurlu danışıqlar üçün sağlam hüquqi bazalar mövcuddur", - Şaşko vurğulayıb.

O, biznes forumuna qeyri-neft sektorundan 16 şirkətin qatıldığını, onların enerji, İKT, əczaçılıq və digər sahələrdə əməkdaşlığı müzakirə edəcəyini bildirib.

Bundan əlavə, Slovakiyanın İnvestisiya və Ticarət Agentliyinin (SARIO) baş direktorunun müavini, beynəlxalq ticarət departamentinin direktoru Eqon Zorad vurğulayıb ki, avtomobil sənayesi və elektroenergetika Azərbaycanın və Slovakiyanın əməkdaşlığı üçün cəlbedici sahələrdəndir.

"Qeyri-neft sektorunda sıx əlaqələrin inkişafı hər iki ölkəyə fayda gətirəcək", - E.Zorad qeyd edib.

O, həmçinin Slovakiyada cəlbedici investisiya mühitinin olduğunu vurğulayaraq, Azərbaycan şirkətlərini Slovakiyaya dəvət edib.

"AZPROMO-nun effektiv işini gördük və bizim SARIO agentliyimiz faydalı əlaqələri davam etdirməkdən məmnun olacaq," – o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti