...

Küveyt 2050-ci ilə qədər istehsal etdiyi enerjinin 50 faizini günəş enerjisi ilə təmin etməyi hədəfləyir

İqtisadiyyat Materials 13 Noyabr 2024 15:00 (UTC +04:00)
Küveyt 2050-ci ilə qədər istehsal etdiyi enerjinin 50 faizini günəş enerjisi ilə təmin etməyi hədəfləyir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Küveyt 2050-ci ilə qədər istehsal etdiyi enerjinin 50 faizini günəş enerjisi ilə təmin etməyi hədəfləyir.

Trend xəbər verir ki, bunu Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah Bakıda COP29 sammitində çıxışı zamanı bildirib.

"Temperaturun artmasını və yağış çatışmazlığı səbəbindən toz fırtınalarının baş verməsini müşahidə edirik", – o qeyd edib.

Bu təhdidlərə cavab olaraq, Küveyt ətraf mühitin dayanıqlılığına fəal şəkildə nail olmağa çalışır və Kioto Protokolu və Paris Sazişi də daxil olmaqla, bütün iqlim razılaşmalarına əməl edir. Küveytin strategiyasına 2060-cı ilədək sıfır karbon emissiyasına nail olmaq və 2050-ci ilə qədər ölkənin elektrik enerjisi sektorunun 50 faizində günəş enerjisini tətbiq etmək təşəbbüsləri daxildir.

"Biz bütün sektorlarda karbon emissiyalarını azaltmağa çalışırıq", – deyə o təsdiq edib.

O, həmçinin, Küveytin Azərbaycanı COP29-un keçirilməsinə görə təşəkkürünü ifadə edərək, tədbirin təşkilini yüksək qiymətləndirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti