...

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən Yaşıl Taksonomiya təsdiqlənib

İqtisadiyyat Materials 13 Noyabr 2024 18:50 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 7 noyabr tarixli qərarı ilə Yaşıl Taksonomiya təsdiq edilib.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Yaşıl Taksonomiya iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin, alt-növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üzrə təsnifat sistemini əhatə edir.

Əsasən maliyyə institutları tərəfindən istifadə üçün nəzərdə tutulan Yaşıl Taksonomiyanın özəl sektor tərəfindən biznes fəaliyyətlərinin Taksonomiyada müəyyən edilmiş meyar və prinsiplərə uyğunluğunun təmin edilməsi, yaşıl və dayanıqlı keçid strategiyalarının hazırlanması, müvafiq məlumatların ictimaiyyətə açıqlanması, yaşıl investisiyaların cəlb edilməsi və digər oxşar istiqamətlər üzrə istifadəsi mümkündür.

Yaşıl Taksonomiya ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsinə, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsinə, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı yaranan fürsətlərdən istifadə edilməsinə, həmçinin mal və xidmətlərin ixracı sahəsində ixtisaslaşan müəssisələrin fəaliyyətinin dəstəklənməsinə xidmət edəcəkdir. Bununla da, Yaşıl Taksonomiya ölkə iqtisadiyyatının dayanıqlı inkişaf imperativlərinə uyğunlaşdırılmasına, eləcə də dayanıqlı iqtisadiyyata keçiddə maliyyə sektorunun rolunun gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

Yaşıl Taksonomiya Mərkəzi Bankın təşəbbüsü və aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılmış “Dayanıqlı maliyyə üzrə Ekspert Qrupu” tərəfindən Dünya Bankı ekspertlərinin dəstəyi ilə hazırlanıb. Hazırlıq prosesində ən qabaqcıl beynəlxalq təcrübələrlə yanaşı Azərbaycan Respublikası iqtisadiyyatının xüsusiyyətləri də nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti