...

bp Bolqarıstan və Serbiyaya qaz nəqlinin dayandırılmasının səbəblərini açıqlayıb

İqtisadiyyat Materials 11 Yanvar 2025 18:36 (UTC +04:00)
bp Bolqarıstan və Serbiyaya qaz nəqlinin dayandırılmasının səbəblərini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Şahdəniz Alfa (SDA) platforması ilə Səngəçal terminalı arasında sualtı kondensat ixrac xəttində texniki nasazlıq aşkar edilib.

Bu barədə "bp Azərbaycan" Bolqarıstan və Serbiyaya qazın nəqlinin dayandırılması ilə bağlı Trend-in sorğusuna cavab olaraq bildirib.

“Əməliyyat səbəbi ilə SDA platformasından istehsal və ixrac müvəqqəti olaraq dayandırılıb və platformanın özü təhlükəsiz şəkildə bağlanıb. Platformada şəxsi heyət üçün heç bir təhlükə yoxdur və ətraf mühitə heç bir təsir qeydə alınmayıb. Bütün dəniz obyektləri, o cümlədən SDA platforması və boru kəməri də təhlükəsiz vəziyyətdədir”, - deyə şirkət bildirib.

bp-nin qeyd etdiyi kimi, hazırda nasazlığın aradan qaldırılması və mümkün qədər tez normal fəaliyyətinin bərpası istiqamətində işlər aparılır.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün bildirib ki, Azərbaycan Şahdəniz yatağında yaranan texniki nasazlıqlara görə gündəlik 1,7 milyon kubmetr həcmində qaz nəqlinin dayandırılması ilə bağlı Serbiya tərəfini xəbərdar edib.

Bundan əvvəl analoji səbəbdən Azərbaycandan Bolqarıstana təbii qazın nəqli dayandırılmışdı. Bolqarıstanın enerji operatoru "Bulgargaz"ın verdiyi məlumata görə, 7 yanvar 2025-ci il tarixindən etibarən qaz təchizatı texniki səbəblərdən müvəqqəti olaraq dayandırılıb.

“Azərbaycan tədarükçüsündən qaz təchizatının müvəqqəti dayandırılması barədə bildiriş 6 yanvar 2025-ci il tarixində alınıb”, - deyə "Bulgargaz" bildirib.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) operatoru ICGB AD Trend-in sorğusuna cavab olaraq bildirib ki, boru kəməri tam işlək vəziyyətdədir.

“Biz həmçinin Azərbaycandan qaz təchizatının müvəqqəti olaraq dayandırılması barədə bildiriş aldıq. Eyni zamanda, ICGB infrastrukturu tam işlək vəziyyətdədir və həmişəki kimi digər müştəri müraciətlərinə xidmət göstərir. Problem bizim obyektlərlə bağlı olmadığı üçün bu vəziyyətə səbəb olan texniki detallar bizə məlum deyil”, - deyə şirkət bildirib.

Xəbər lenti

Xəbər lenti