Bakı. Trend:
Ötən il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15 milyard 808 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 538 milyon manat çoxdur.
Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 11 milyard 27,4 milyon manata yaxın təşkil edib, büdcəyə proqnozdan əlavə 337,3 milyon manatdan çox vəsait daxil olub. 2023-cü illə müqayisədə bu sektordan vergi daxilolmaları 1,3 milyard manat və ya 13,6 faiz artıb.
Qeyd olunub ki, ödənilən vergilərin 69,8 faizi qeyri-neft-qaz sektorunun, 30,2 faizi isə neft-qaz sektorunun payına düşüb.