Bakı. Trend:
Dünya Bankının (World Bank) özünün illik qlobal hesabatı olan 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatının" (World Development Report - WDR) Bakıda təqdimat tədbiri keçirilib.
Trend xəbər verir ki, builki hesabat "Orta Gəlir Tələsi" adlanır və inkişaf etməkdə olan iqtisadiyyatların orta gəlir tələsindən qaçmaq və yüksək gəlir statusuna çatmaq üçün qarşılaşdıqları çağırışlar və imkanlar haqqında dərin təhlil təqdim edir.
Təqdimat tədbirində yüksək səviyyəli plenar və panel müzakirələrində Azərbaycan Hökumətinin nümayəndələri və Dünya Bankı rəsmiləri iştirak edib. Dünya Bankının yüksək səviyyəli iştirakçıları arasında Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçı Ivailo Izvorski, İqtisadi inkişaf departamentinin regional direktoru Asad Alam, Cənubi Qafqaz üzrə regional direktor Rolande Pryce və iqtisadi siyasət departamentinin regional meneceri Antonio Nucifora təqdimat tədbirində iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır.
"Bu, qısa müddət ərzində çox böyük bir nailiyyətdir. Azərbaycan həmçinin regionda aparıcı dövlət olaraq həm siyasət, həm də iqtisadiyyat baxımından mövqeyini gücləndirmişdir. Eyni zamanda bu qüvvə bizim suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməyə də kömək etdi", - o bildirib.
Öz növbəsində, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qeyd edib ki, maliyyə sektoru iqtisadi artımın maliyyələşdirilməsində mühüm rol oynayır.
"Əsas məqsəd daxili və xarici investisiyaları, xüsusilə innovasiyalara yönləndirmək və bu sahəyə maliyyə dəstəyi verməkdir", - o bildirib.
O hesab edir ki, güclü və sabit maliyyə sektorumuzdan səmərəli istifadə etməklə orta gəlir tələsindən yayınmaq mümkündür:
“Mərkəzi Bank hökumət, Dünya Bankı və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etməyə davam edəcək ki, siyasətimiz 2025-2029-cu illəri əhatə edən yenilənmiş Dünya Bankının Ölkə Tərəfdaşlıq Çərçivəsinin strateji prioritetlərinə uyğun olsun”.
"Bu il Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə alətlərinin şaxələndirilməsi istiqamətində tədbirlər görəcək. İl ərzində dayanıqlı maliyyə alətlərinin sayının artırılması, pul siyasəti mexanizminin möhkəmləndirilməsi istiqamətində işlər həyata keçiriləcək", - dəyə T. Kazımov əlavə edib.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays qeyd edib ki, insan kapitalının inkişafı Azərbaycanın iqtisadi artımı üçün əsas vəzifədir.
“1993-cü ildə Azərbaycanda adambaşına düşən gəlir 110 ABŞ dolları təşkil edirdi. 2023-cü ilə Azərbaycan artıq orta səviyyəli gəlirləri olan ölkəyə çevrilib - adambaşına düşən gəlirlər 60 dəfə artıb – Atlas metodu ilə ümumilli gəlir 6660 dollar təşkil edib. Azərbaycan nəzərəçarpan nəticələrə nail olmaq üçün öz təbii resurslarından uğurlu şəkildə istifadə edir. Lakin Azərbaycanın ambisiyaları bundan da ötədir. Yüksək-gəlirli ölkəyə çevrilmək üçün təkcə fiziki investisiya tələb olunmur, eyni zamanda insan kapitalının davamlı inkişafı, istedadların ölkədə saxlanılması və iqtisadiyyatın şaxələndirilməsinə vasitəçilik edən institusion möhkəmləndirmə işləri də az vacib deyil”, - deyə o bildirib.
Praysın sözlərinə görə, bir çox ölkələr durğunluq mərhələsini yaşamaqdadırlar və orta gəlirli ölkələrdən, yüksək gəlirli ölkələr kateqoriyasına böyük çətinliklə keçirlər.
“1990-cı illərdən bəri orta-gəlirli ölkələrdən yalnız 34-ü bu keçidi həyata keçirə bilib. Qalanları - 108 ölkə 2023-cü ilin sonuna orta gəlir “tələsinə” düşüb. 1970-ci ildən bəri orta gəlir səviyyəsi olan ölkələrdə adambaşına düşən orta gəlir heç vaxt ABŞ-nin orta gəlir səviyyəsini 10 faizdən çox ötə bilməyib”, - deyə o bildirib.
Praysın sözlərinə görə, hesabatda müasir şəraitdə yüksək gəlirli ölkə statusuna nail olmağın daha çətin olacağı bildirilir. Bunun əsas səbəbləri inkişaf etməkdə olan ölkələrdə yüksək borclanma səviyyəsi, əhalinin qocalması və inkişaf etmiş iqtisadiyyata malik ölkələrdə artan himayəçilik siyasətidir.
O qeyd edib ki, Dünya bankı 1978-ci ildən bəri hər il Dünya inkişafı haqda hesabatı dərc edir. Dünya inkişafı haqda dərc olunmuş hər bir hesabat iqtisadi inkişafın bu və ya digər aspektlərinin dərin təhlilinin məhsuludur. "Dünya İnkişafı Haqqında hesabatlar" Dünya Bankının inkişaf problemlərinin araşdırılmasına verdiyi ən mühüm töhfələrdən biri hesab olunur.
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı İvaylo İzvorski bildirib ki, Avropa və Mərkəzi Asiya şirkətlərinin dünya iqtisadiyyatına və regional bazara inteqrasiyası son dərəcə vacibdir.
“Avropada və Mərkəzi Asiyada həddən ziyadə çox kiçik müəssisələrin fəaliyyəti müşahidə olunur. Problem ondadır ki, şirkətlər böyümədikləri təqdirdə, onlar xarici texnologiyaları mənimsəyə bilmirlər və innovasiyalar üçün lazımi miqyasa malik olmurlar. Çox vaxt əsas maneə - məhdud bazar olur. Bazar kiçik olanda, şirkətlər genişlənmirlər. Ona görə də, dünya iqtisadiyyatına və regional bazarlara inteqrasiya son dərəcə vacibdir”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, bununla belə, biznesin genişlənməsi heç də hər zaman səmərəliliyin artımına yol açmır. Bir çox iri şirkətlər aşağı məhsuldarlılıq nümayiş etdirir. Dövlət müəssisələrinin təsiri region üçün əsas problemlərdən biri olaraq qalır – bu şirkətlər hələ də həddindən artıq təsirlərə malikdirlər.
“Məsələn, energetika sektorunda dövlət müəssisələri nəqlin 100 faizini, bərpaolunmayan yanacaqdan elektrik enerjisi istehsalının 80 faizini və paylamanın təxminən 70 faizini nəzarətdə saxlayır. Mərkəzi Asiyanın bəzi ölkələrində isə dövlət müəssisələrinin rəqabətli sahələrdə, məsələn çörək sexləri və mağazalar– payı 70-80 faizə çatır,” – deyə İ. İzvorski bildirib.
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli qeyd edib ki, investisiyaların strukturlarında da müəyyən çətinliklər var. Dövlət investisiyaları hələ ki, böyük paya malikdir. Ona görə də şaxələndirilmənin gücləndirilməsi üçün özəl sektorun investisiyalarda payı artırılmalıdır.
O bildirib ki, ticari sektorların stimullaşdırılması istiqamətində elə tədbirlər görülməlidir ki, "orta gəlir tələsi"ndən qaça bilək: "1990-cı ildən etibarən cəmi 34 ölkə məhz orta gəlirdən yüksək gəlirli ölkə statusunu uğurla keçə bilib. Onların əksəriyyəti dənizə çıxış imkanı olan ölkələrdir. Biz orta gəlir tələsindən qaçmaq və iqtisadiyyatımızı şaxələndirmək üçün neft sənayemizi dəstəkləmək çox vacibdir. Çünki bizim dünya okeanlarına birbaşa çıxışımız yoxdur deyə bu da maneələrdən biridir.
İnvestisiya, infuziya və innovasiyaya yanaşma ilə tamamilə razıyıq. Azərbaycan infuziya ilə əlaqədar 2-ci mərhələnin müəyyən elementləri artıq müşahidə olunur. Məsələn, avtomobil sənayesinin lokallaşdırılması və s qeyd edə bilərik. Amma bunun ÜDM-də xususi çəkisi 25%-dən aşağıdır, artırılması üçün tədbirlər görülməlidir".
"İnvestisiyaların strukturlarında da müəyyən çətinliklər var. Dövlət investisiyaları hələ ki, böyük paya malikdir. Ona görə də şaxələndirilmənin gücləndirilməsi üçün özəl sektorun investisiyalarda payı artırılmalıdır. Amma hətta biz ümumilikdə investisiyaları artırmağı bacarsaq da, texnoloji imkanları yüksəltmək üçün mütləq öz insan kapitalımızı dəstəkləməliyik.
Özəl qeyri-neft investisiyaların artırılması ilə "orta gəlir tələsi"ndən müəyyən mənada qaçınıla bilinər. Biz bu istiqamətdə iri yerli korporasiyalara fokuslanmağa çalışırıq, xüsusilə bank və xidmət sektorunda.
Biz başa düşürük ki, iqtisadiyyatımızı şaxələndirmək üçün qeyri-neft sənayesində artıma nail olmaq üçün biz eyni zamanda, investisiyaların strukturunda, tərkibində dəyişiklik etməliyik. Burada özəl sektorun payını artırmalıyıq, özəl şirkətlərlə daha fəal şəkildə işləyərək onları qeyri-neft sektorunda inkişafına cəlb etməliyik", - S. Bəşirli vurğulayıb.