Bakı. Trend:
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistanın Baş naziri Abdulla Aripov ilə görüşündə Gürcüstan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın vacibliyini vurğulayıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, baş nazir hər iki ölkənin hökumət nümayəndələrinin son iki gündə iqtisadi əməkdaşlığın müxtəlif aspektləri üzrə məhsuldar görüşlər keçirdiyini qeyd edib və iki ölkə arasındakı mövcud əlaqələr və gələcəkdə müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.
Bununla yanaşı, Özbəkistanda aparılan islahatların və inkişaf proseslərinin Gürcüstana böyük təsir bağışladığını vurğulayan baş nazir Gürcüstan hökumətinin Orta Dəhlizin inkişafına xüsusi önəm verdiyini və bu istiqamətdə Gürcüstan ilə Özbəkistan arasında əməkdaşlığın səmərəli ola biləcəyini qeyd edib.
“İki ölkə arasında ticarət əlaqələrinin və investisiya imkanlarının genişləndirilməsi əhəmiyyət kəsb edir. Özbəkistanın investisiya mühiti gürcü iş adamları üçün cəlbedici ola bilər və eyni zamanda Gürcüstanın da potensial investorlar üçün maraqlı imkanlar təqdim edir”, - deyə, baş nazir əlavə edib.