...

Özbəkistan və Azərbaycan Yerin distant zondlanlanması məlumatlarından istifadə edilməklə layihənin icrası üzrə danışıqlar aparırlar – "Uzbekkosmos" (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 7 Mart 2025 08:00 (UTC +04:00)
Özbəkistan və Azərbaycan Yerin distant zondlanlanması məlumatlarından istifadə edilməklə layihənin icrası üzrə danışıqlar aparırlar – "Uzbekkosmos" (ÖZƏL MÜSAHİBƏ)
Aydan Məmmədova
Aydan Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“Uzbekkosmos” və “Azerkosmos” Yerin distant zondlanlanması məlumatlarından istifadə etməklə torpaqların şoranlıq dərəcəsinin ilkin qiymətləndirilməsi üzrə birgə layihənin həyata keçirilməsinə dair danışıqlar aparırlar.

Bunu Trend-ə verdiyi özəl müsahibədə Özbəkistanın (“Uzbekkosmos”) Rəqəmsal Texnologiyalar Nazirliyi yanında Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyinin direktoru Şuxrat Kadirov bildirib.

“2024-cü ildə “Uzbekkosmos” və “Azerkosmos” arasında Yerin distant zondlaşdırılması məlumatlarından istifadə etməklə torpaqların şoranlaşmasının ilkin qiymətləndirilməsi üzrə birgə layihənin həyata keçirilməsinə dair saziş imzalanıb. Bu layihə bizim ölkələrdə ekoloji monitorinqin və dayanıqlı torpaqdan istifadənin inkişafına mühüm töhfə olacaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, fəaliyyətə başladığı vaxtdan bəri “Uzbekkosmos” qurumu “Azerkosmos” ilə möhkəm və məhsuldar münasibətlər qurub. Hər iki qurum mütəmadi olaraq kosmik sahə ilə bağlı məsələlərin geniş spektrini ehtiva edən, o cümlədən kosmik texnologiyaların tətbiqi, normativ-hüququ bazanın mükəmməlləşdirilməsi və milli kosmik infrstrukturun inkişafı mövzularında konsultativ görüşlər keçirirlər.

“Əməkdaşlıqda mühüm addım 2022-ci ildə qarşılıqlı anlaşma memorandumu imzalanması oldu ki, bu da gələcək qarşılıqlı fəaliyyət üçün əsas yaratdı”, - deyə Şuxrat Kadirov qeyd edib.

"Uzbekkosmos"un direktoru vurğulayıb ki, hazırda agentlik Azərbaycan, Türkiyə, Fransa, ABŞ, Böyük Britaniya, Monako, Yaponiya kimi ölkələrin aparıcı agentlikləri ilə fəal şəkildə əməkdaşlıq edir. Əməkdaşlıq ikitərəfli əsaslarda həyata keçirilir. Keyfiyyətli kosmik şəkillər əldə etmək və bu sahədə yeni təklifləri öyrənmək məqsədilə agentlik ABŞ Geoloji Xidməti (USGS) də daxil olmaqla bir sıra şirkətlərlə mütəmadi görüşlər keçirir. Hazırda yeni layihələr və əməkdaşlıq istiqamətləri üzrə fəal müzakirələr aparılır", - deyə o bildirib.

O vurğulayıb ki, "Uzbekkosmos" beynəlxalq kosmik təşkilatlarda, o cümlədən BMT-nin Kosmosun Dinc Məqsədlərlə İstifadəsi üzrə Komitəsində (COPUOS), BMT ESCAP çərçivəsində həyata keçirilən Kosmik Texnologiyaların Davamlı İnkişaf üçün Tətbiqi üzrə Regional Proqramda (RESAP), Türk Dövlətləri Təşkilatında (TDT), MDB-yə üzv dövlətlərin Kosmos üzrə Dövlətlərarası Şurasında və Beynəlxalq Astronavtika Federasiyasında (IAF) Özbəkistanı təmsil edərək mühüm rol oynayır. Bu qurumlarda iştirak agentliyə kosmik sahədə beynəlxalq standartlar və normativlərin hazırlanmasına fəal təsir göstərməyə imkan verir. Yeni strateji plan çərçivəsində agentlik beynəlxalq əməkdaşlığı genişləndirməyi, kosmik tədqiqatlar, Yerin məsafədən zondlanması, kadr hazırlığı, qabaqcıl texnologiyalar və kosmik məlumatların sosial-iqtisadi inkişaf üçün istifadəsi sahələrində birgə təşəbbüslər irəli sürməyi planlaşdırır.

“Ən ambisiyalı layihələrdən biri Özbəkistan və Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin əməkdaşlığı çərçivəsində 2026-cı ildə süni peykin buraxılışı olacaq. Bu layihə bizim yüksək texnologiyalı kosmik sistemlər yaratmaq potensialımızı və beynəlxalq əməkdaşlığa hazırlığımızı nümayiş etdirir. Hal-hazırda layihə razılaşdırma mərhələsindədir”, -deyə Şuxrat Kadirov bildirib.

Onun sözlərinə görə, agentliyin son illər əsas strategiyası məlumatların işlənməsi və yeni texnologiyaların praktiki fəaliyyətə tətbiqinə yönəlmiş “Downstream” yanaşmasıdır. Dövlətin kosmik monitorinq proqramının həyata keçirilməsi sayəsində kənd təsərrüfatı, su təsərrüfatı, torpaq münasibətləri, meşə təsərrüfatı, ekologiya və geologiya da daxil olmaqla, müxtəlif iqtisadi sahələr üçün unikal məlumatlar təqdim olunur. Məsələn, 2024-cü ildə Yer səthinin məsafədən zondlanması sistemi vasitəsilə 100,000-dən çox dövlət normalarının pozulması aşkar edilərək müvafiq qurumlara ötürülüb.

“2025-ci ildə "Uzbekkosmos" Yer səthinin məsafədən zondlanması texnologiyaları vasitəsilə iqtisadi sahələrə fəal dəstək verməyə davam edəcək. Bu, ərazilərin idarə edilməsi, ekoloji nəzarət, kənd və su təsərrüfatı sahələrində yeni imkanlar yaradacaq, eləcə də yaranan təhlükələrə operativ reaksiya verməyə imkan yaradacaq”, - deyə o qeyd edib.

Agentliyin direktoru, həmçinin “Uzbekkosmos”un bu sahədə mühüm nailiyyətlərini vurğulayıb: "Ölkənin səkkiz regionunda yaşıllıq zonalarının vəziyyətinə kompleks qiymətləndirmə aparılıb ki, bu da ekosistemlərdə baş verən dəyişiklikləri izləməyə imkan verir; kənd təsərrüfatı torpaqları üzrə rəqəmsal məlumat bazası yenilənib, bu isə məhsuldarlığın və əkin sahələrinin dəqiq proqnozlaşdırılmasına kömək edir; monitorinq nəticəsində məhsul yığımı sonrası sahələrin yandırılması hallarının aşkar edilməsi mümkün olub, həmçinin 35 bəndin vəziyyətini və su həcmini qiymətləndirmək üçün onların rəqəmsallaşdırılması həyata keçirilib".

“Bundan əlavə, agentlik pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə kosmik monitorinqin yeni istiqamətlərini fəal inkişaf etdirir. Faydalı qazıntıların hasilat həcminə nəzarətin dəqiq metodlarının tətbiqi, o cümlədən karxana topoqrafik xəritələrin hazırlanması, təbii ehtiyatların uçotunun dəqiqliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verir”, - deyə o əlavə edib.

Şuxrat Kadirov qeyd edib ki, proqnozlaşdırılan gələcəyə eyni zamanda peyk məlumatları əsasında kənd təsərrüfatında buxarlanmanın və sudan istifadənin qiymətləndirilməsi üzrə layihənin inkişaf etdirilməsi daxildir. Ölkənin üç regionunu əhatə edən pilot layihələr su resurslarının izafi istifadə hallarını üzə çıxarmağa və onların saxlanılması üzrə ölçülər təklif etməyə kömək edəcək ki, bu da iqlim dəyişikliyi şəraitində xüsusi önəm kəsb edir.

“Uzbekkosmos” eyni zamanda Özbəkistanda Beynəlxalq Astronavtik Konqres keçirməyi planlaşdırır ki, bu da milli kosmik infrastrukturun inkişafı üçün vacib addım olacaq. Özbəkistan 2028-ci ildə bu vacib hadisənin keçirilməsi üçün ərizə təqdim edəcək və bu ölkəyə beynəlxalq kosmik təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar vermiş olacaq”, -deyə o bildirib.

Onun sözlərinə görə, agentlik eyni zamanda 2025-ci ildə kosmik texnologiyaların və NASA kimi aparıcı qlobal təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə yönəlmiş maarifləndirici layihələrin icrasına hazırlaşır.

“İnnovativ kosmik infrasturkturun yaradılması, insani kapitalın inkişafı, eyni zamanda Ayın və Marsın tədqiq olunması üzrə beynəlxalq proqramlarda iştirakı nəzərdə tutan, Milli Kosmik Proqramın 2035-ci ilə qədər hazırlanması əsas layihə olaraq qalmaqdadır”,-deyə Şuxrat Kadirov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti